Xalq yazıçısı Elçinin yaradıcılığının oxucu sevgisi qazanmasının əsas səbəbi əsərlərindəki təbiilik və səmimiyyətdir
   
   Müasir Azərbaycan nəsrinin və dramaturgiyasının görkəmli nümayəndələrindən biri geniş oxucu kütləsi tərəfindən sevilən, oxunan dünya şöhrətli ədib, Xalq yazıçısı Elçindir. Ötən əsrin 60-cı illərinin əvvəllərində ədəbiyyata gələn istedadlı yazar ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı manerası, həyat hadisələrinə orijinal baxışı ilə diqqəti cəlb etmişdir. Korifey ədiblərimizdən Xalq yazıçısı İlyas Əfəndiyevin oğlu olaraq bədii yaradıcılıq sahəsini seçmək öz-özlüyündə böyük bir məsuliyyət idi. Məlumdur ki, Aleksandr Düma-oğul həmişə məşhur, sevilən yazıçı Aleksandr Düma-atanın kölgəsində qaldığını dəfələrlə etiraf etmişdir. Ədəbiyyat və incəsənət tarixində bu qəbildən olan faktlardan başqa örnəklər də gətirmək olar. Elçin isə Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutmuş, xarici ölkələrdə Azərbaycan ədəbiyyatını ləyaqətlə təmsil edən şöhrətli sənətkar zirvəsinə yüksəlmişdir.    
   Bu günə qədər Elçinin yaradıcılığına həm ölkəmizdə, həm də xaricdə yüzlərlə məqalə, onlarla irihəcmli tədqiqat əsəri həsr edilmişdir. Bu gün də yazıçının çoxşaxəli yaradıcılığına ədəbi-ictimai maraq güclüdür.
   Şübhəsiz ki, yazıçının bədii-estetik zövqünün formalaşmasında onun erkən yaşlarından kitablarla əhatə olunmasının böyük rolu olmuşdur. Özünün qeyd etdiyi kimi, görkəmli sənətkarımız İlyas Əfəndiyev mütaliəni çox sevirdi və Elçin də kitaba ehtiram aurasında böyümüşdür. Bir ədib kimi onun ədəbi zövqünün formalaşmasında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığının mühüm təsiri olmuşdur. 
   Elçinin milliliklə bəşəriliyin vəhdətini ifadə edən kitabları və səhnəyə qoyulmuş pyesləri ölkəmizdə, eləcə də xaricdə oxucular və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun yaradıcılığının xalq, geniş oxucu sevgisi qazanmasının əsas səbəbi bu əsərlərdəki təbiilik və səmimiyyətdir. Yazıçının əsərlərinin qəhrəmanları da olduqca təbiidir, mənəvi-əxlaqi keyfiyyətləri, hiss və duyğuları, fikir və arzuları, istək və niyyətləri ilə təbii və inandırıcıdır. Görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev tamamilə haqlı olaraq qeyd etmişdir ki, Elçin adamların xarakterindəki keçici, ötəri yox, mühüm, təyinedici cəhətləri görür, işıqlandırır və bu işıq altında da onun yaddaqalan obrazını yaradır. 
   Elçin müasir həyatın, real gerçəklikdəki hadisələrin, o cümlədən də sarsıntıların mahir müşahidəçisi olmaqla bərabər, həm də keçmiş zamanların, dünyanın ilk baxışdan bəlkə də paradoksal görünən əzəli problemlərinin usta salnaməçisi kimi çıxış edir. Yazıçının bədii əsərlərinə xas olan sadəlik, humanizm və bəşərilik onun estetik dəyərinə bir tamlıq və dolğunluq bəxş edir. Müəllifin povestləri sürətli süjet inkişafına, ideya və sənətkarlıq məziyyətinə, fərdi üslub və poetikasına görə ekranlaşdırmaya daha tez uyğunlaşır. Dövrün qlobal və mənəvi problemlərinin fəlsəfi dərinlik və mürəkkəbliyi ilə ekranda canlandırılması Elçinin ssenarilərinin ən səciyyəvi cəhətidir. Onun ssenariləri əsasında bir çox görkəmli rejissorlar filmlər çəkmişdir. Bu filmlər uzun illərdir ki, tamaşaçılar tərəfindən sevilən ekran əsərləri sırasındadır. 
   Kiçik hekayə və povestlərlə ədəbiyyata gələn Elçin qısa müddətdə əsərlərində yaşadığı dövrün paradokslarını ustalıqla göstərdi. Sosial-ictimai, siyasi-mədəni, mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivlər onun əsərlərinin mahiyyətinə hopmuşdur. Bu əsərlərin oxucu rəğbəti qazanmasının bir əsas səbəbi də budur. 
   Görkəmli ədəbiyyatşünas, professor Yaşar Qarayev Elçin yaradıcılığının daha dərin xüsusiyyətlərinə nəzər salaraq onu “rəmzdən, bədii-fəlsəfi şərtilikdən kəskin məcazdan istifadə edən, psixoloji əhval-ruhiyyəni detalla əyaniləşdirən mizanlar və cizgilər axtaran, onları görümlü-baxımlı obrazlara çevirən epitetlər tapan” yazıçı kimi səciyyələndirir. 
   Onu da qeyd etmək lazımdır ki, yaşıdlarından fərqli olaraq, Elçin ədəbi tənqiddə daha çox “sınağa çəkilən” yazıçılardan olmuşdur. Onun yaradıcılığı Məmməd Cəfər, Məmməd Arif, Mir Cəlal, Həmid Araslı, Kamal Talıbzadə, Bəkir Nəbiyev kimi tənqidçi-ədəbiyyatşünas alimlərin diqqət mərkəzində olmuşdur. Onların hər biri Elçin yaradıcılığının özünəməxsus təzahüründən bəhs etmişlər. 
   Elçin yaradıcılığının milliliyi, ənənəyə bağlılığı, real və bədii gerçəkliyə orijinal münasibəti, bədii nümunələrində müasir Şərq və Qərb kontekstini üzvi surətdə birləşdirməsi onun əsərlərinin daim aktual olmasını, tərbiyəvi əhəmiyyət kəsb etməsini, həmçinin həmişə diqqət mərkəzində olmasını təmin edən ən mühüm şərtlərdir. 
   Yazıçının əsərlərini xalqa yaxınlaşdıran, sevdirən, doğmalaşdıran şərtlərdən biri də onun qəhrəmanlarının sadə, zəhmətkeş insanlar olmasıdır. Onun bütün hekayələrinin və povestlərinin qəhrəmanları, eləcə də “Birinci görüşün tarixçəsi” povestindəki Məmmədağa, Məsməxanım, “Toyuğun diri qalması” və “Dolça” povestlərindəki Ağababa, Ağabacı, Ağagül, Nisə, Zübeydə və s. surətlər müstəqillik dövründə qələmə alınmış “Bayraqdar” povestindəki Surxay, bir sözlə, müəllifin qələmindən çıxan bütün əsərlərdə canlandırılan obrazlar real insan təsiri bağışlayır. 
   Bəllidir ki, obrazın daxili aləminin açılması bədii nəsrdə mühüm şərtdir. Əgər yazıçı buna nail olmasa, surətlər quru, cansız, kölgə təsiri bağışlayar.
   Elçin yaratdığı hər bir obrazın daxili aləmini açmağa müvəffəqiyyətlə nail olmuşdur. Bu surətlərin duyğuları, iztirabları, sevinci, kədəri, bir sözlə, bütün hisləri son dərəcə real və inandırıcı verilir. Oxucu bu qəhrəmanlarla birlikdə iztirab çəkir, onların hər birinin taleyi oxucunu düşündürür.
   Yazıçı nəsr əsərlərində bir çox incə məqamlara da toxunur, cəmiyyətdə rast gəlinən xoşagəlməz hallar, eybəcərlikləri ifşa edir. Çünki müəllif xalqa bağlı olan, xalqın sevinci və kədəri, problemləri, ağrı-acıları ilə yaşayan bir sənətkardır. Xalqa bağlılıq özünü yazıçının bütün əsərlərində göstərir. “Kiçik adam”ların faciəsi yalnız onların hər birinin şəxsi problemlərində, məsələn, kiminsə içki düşkünü olmasında (“Ömrün son səhəri” hekayəsi) və yaxud kiminsə həyat yoldaşından narazı olmasında, bir qadın kimi xoşbəxt olmamağında (“Bir görüşün tarixçəsi” povesti) deyildir. Müəllif daha mühüm, daha qlobal problemlərə də toxunur. 
   “Bayraqdar” povesti Buzovnada məskunlaşmış Qarabağ qaçqınlarının həyatından bəhs edir. Burada Şuşanın faciəsi əksini tapmışdır. Kiçik bir dialoqa diqqət yetirək: 
   “- Humanitar yardım gətiriblər... Düş aşağı...
   Güllü arvad birdən-birə alışıb:
   - Humanitar yardım onların dədəsinin təpəsinə dəysin! - dedi - Şuşanı qaytarsınlar mənə!
   Gülzar arvadın bu gözlənilməz kin-küdurətindən Güllü arvad elə bil bir az duruxdu, sonra: 
   - Gözlə! - dedi. - Şuşanı torbaya qoyub gətirif sənə verəjəklər!.. - və hirslə çönüb pilləkənə tərəf getdi”.
   Əsərdən verdiyimiz bu kiçik parçada əslində böyük milli problemimiz, xalqımızın yurd həsrəti, doğma ocaq nisgili əksini tapmışdır.
   Surxay illər boyu üçrəngli bayrağımızı qoruyub saxlayır, yataqxananın damında bayrağın dalğalanması ilə fəxr edir. Surxayın oğlu, qonşuların “Eysebio” adlandırdıqları, futbolçu olmaq arzusu ilə yaşayan Əbülfətin faciəli ölümünün məhz bu bayraqla əlaqədar olması, əlbəttə, Surxayın günahı deyil, dəhşətli ağlasığmaz bir təsadüfdür, bədbəxt hadisədir. 
   Oğlunun dəfn günü Surxayın həyat yoldaşı Səyyarənin “- Sən girməliydin o bayrağınla bir yerdə qara qəbirə, sən! Səni görüm bayrağınla bir yerdə gorbagor olasan, Surxay!..” - deyə qışqırması dəhşətli bir səhnədir. Oğlunu itirən bədbəxt ana artıq ərinin vətənpərvərlik hislərinə də, bayrağa məhəbbətinə də nifrət edir.
   Göründüyü kimi, burada yalnız bir ailənin başına gələn bədbəxt hadisə yox, bütün xalqımızın, ölkəmizin, Qarabağımızın faciəsi sənətkarlıqla qələmə alınmışdır.
   Elçinin dramaturgiyası da nəsr yaradıcılığı kimi mühüm əhəmiyyət kəsb edir. Müəllif orijinal konflikt qurmaq ustasıdır. Ədib dram yaradıcılığında da folklor nümunələrindən, folklor şüurundan, etnik-milli təfəkkür tərzindən istifadə edib, onları ədəbiyyata gətirməklə gələcək nəslə ötürür. Elçin yaradıcılığında zaman distansiyası xüsusi mahiyyət daşıyır. Keçmiş və gələcək üzərində qurulmuş əsərlərdə indiki zaman yazıçının özüdür. O, keçmiş və gələcək arasında ötürücü, körpü rolunu oynayır. 
   Bu əsərlərdə hər hansı bir hadisənin təsviri öz məna və mahiyyətinə görə fərdi hədlərdən çıxıb, həyatın fəlsəfi cəhətdən dərki xarakterini alır. Əsərlərin personajları psixoloji cəhətdən həm öz-özlüyündə, həm də bir-biri ilə müqayisə edilir. Bir tərəfdən folklorizm, digər tərəfdən tarixilik Elçinin dramaturgiyasında daha aktual problemə çevrilməklə, həm ədəbi-tarixi, həm də nəzəri-estetik mahiyyət kəsb edir. Müəllif tərəfindən dastan materialı, yaxud tarixi hadisə bədii obrazlılığın və konfliktin mənbəyi kimi istifadə olunmaqla mühüm janr-üslub və forma yaradan amilə çevrilir. 
   Folklor, dastan elementləri və tarixi mənbələrə, hadisələrə müraciət Elçin yaradıcılığında müxtəlif bədii vəzifələri yerinə yetirir. Yəni xalq qəhrəmanlarının tipikləşdirilməsi, psixoloji detal peyzaj və portretin əsası olmaqla, kompozisiya və süjetin təşkilinə, əsərin fəlsəfi-rəmzi mətnini müəyyənləşdirməyə xidmət edir. Müəllifin pyeslərinin dili də özünəməxsusluğu ilə səciyyələnir. Bu mənada “Ağ dəvə” əsərini xüsusilə vurğulamaq istərdik. Əsərdə bir sıra personajların, məsələn, Əzizağa əmi, Həsənağa əmi, Səfurə xala, Firuzə xala, Balakərim, İbadulla və başqa surətlərin dilindəki yerli kolorit daha qabarıq əks olunur. 
   Elçinin yalnız dramaturgiyasında yox, həm də nəsr əsərlərində xalq-məişət dilinin zənginliyindən geniş istifadə edilir. Məlumdur ki, hər hansı əsərdə obrazların xarakterik xüsusiyyətlərini nümayiş etdirən bu detal milli koloritin daha dolğun və inandırıcı şəkildə əks olunmasına xidmət edir. O, dram əsərlərində personajların dilini ədəbi çərçivəyə salmır. Onun yaratdığı, canlandırdığı obrazların hər biri özünəməxsus şəkildə düşünür və danışır. Danılmaz həqiqətdir ki, əsl bədii əsər hər hansı xalqın xarakterik xüsusiyyətlərini, adət-ənənələrini, mədəniyyətini, yaşam tərzini, eləcə də dil özünəməxsusluğunu əks etdirilməlidir. Milli xüsusiyyəti xalqın sosial həyatına dərindən bələd olmadan vermək mümkün deyil. Müəllif “Ağ dəvə” pyesində Bakı koloritini, bakılıların spesifik düşüncə tərzini dil vasitəsilə oxucuya və tamaşaçıya çatdırmağa müvəffəqiyyətlə nail olmuşdur. 
   Ədibin “Poçt şöbəsində xəyal”, “Ah, Paris, Paris”, “Mən sənin dayınam”, “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim”, “Mənim ərim dəlidir” pyesləri də oxucular və tamaşaçılar tərəfindən böyük maraqla, rəğbətlə qarşılanan, teatrlarımızın repertuarında hər zaman yer tutan, müvəffəqiyyət qazanan əsərlərdəndir. Bu əsərlərin hər biri Azərbaycan dramaturgiyasında öz layiqli yerini tutmuşdur. Müxtəlif mövzulu bu əsərlər orijinallığı ilə seçilməklə yanaşı, insan amili, insan problemləri, mənəvi-əxlaqi məsələlər ön plana çəkilmişdir. 
   Ümumiyyətlə, Xalq yazıçısı Elçinin ideya-sənətkarlıq xüsusiyyətləri ilə seçilən çoxşaxəli yaradıcılığı həmişə diqqət mərkəzində olub, bu gün də aktuallığını qoruyub saxlayır, teatrlarımızın repertuarının zənginləşməsinə xidmət edir. 
   
   Aytən Rüstəmzadə
   AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru