Mayın 8-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda professor Tofiq Məliklinin “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Türkoloji və filoloji problemlər” kitabının üçüncü cildinin təqdimatı keçirilib.
   Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq kitabla bağlı fikirlərini bölüşüb. O deyib: “Üçtelli saz olduğu kimi, üçtelli söz də varmış. Moskvada yaşayan görkəmli Azərbaycan alimi, türkoloq, filologiya elmləri doktoru, professor, şair, tərcüməçi Tofiq Məliklinin Bakıda nəşr olunan toplusu bunu sübut edir. Bu üçtelli kitab yalnız üç dildə, iki qardaş Azərbaycan və Türkiyə türkcəsində, habelə rus dilində yazdığı məqalələrdən ibarət olduğu üçün deyil, həm də müəllifin bu üç mədəniyyətə, üç uyğunluğa uzun illər boyu səmərəli xidmət göstərdiyinə görə belə adlanmağa layiqdir”.
   AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Nəriman Həsənzadə, professor Aqşin Babayev və başqaları müəllifi ədəbiyyatımız və elmimiz üçün dəyərli bir alim, vətənpərvər ziyalı kimi dəyərləndiriblər. Bildirilib ki, kitabda türkologiya, ədəbiyyat, dil və digər məsələlər haqqında yazdığı məqalələr, çoxsaylı müsahibələr, əsərlərinə yazılmış rəy və tənqidi yazılar yer alıb.
   Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edib.