Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan Kolumbiya və Azərbaycan şairlərinin şeirlər toplusu - “İyirmi şeir” kitabı işıq üzü görüb.
   Tərcümə Mərkəzindən bildirilib ki, Kolumbiya Milli Nəşriyyatında ərsəyə gəlmiş kitaba Nizami Gəncəvi, İmadəddin Nəsimi, müasirlərimizdən Səməd Vurğun, Mikayıl Müşfiq, Əli Kərim, Məmməd Araz və başqa şairlərin şeirləri daxil edilib. Şeirləri ispan dilinə Ramizə Həsənova, Kolumbiya şairlərinin əsərlərini Azərbaycan dilinə Emin Ələsgərov tərcümə edib.
   * * *
   Tərcümə Mərkəzinin digər yeni nəşri - tanınmış rus nasiri, Rusiya Ədəbiyyatı Akademiyasının akademiki Georgi Pryaxinin “Xəzər yuxuları” kitabıdır.
   Əfsanəvi Xəzər Xaqanlığı və müasir Rusiya arasında maraqlı paralellərin aparıldığı “Xəzər yuxuları” romanının əsasını sosial, ictimai, tarixi hadisələr fonunda cərəyan edən hadisələr - mürəkkəb sosial ziddiyyətlər, məhrumiyyətlər və azadlıq hissi, mübarizə əzmi, qəlbin və ruhun reallıqla üst-üstə düşməyən istəkləri və insan iradəsinin təntənəsi təşkil edir. Romanı dilimizə Etimad Başkeçid çevirib.