XX əsr İran ədəbiyyatının tanınmış nümayəndələrindən olan Mirzadə Eşqi klassik fars şeiri ənənələrini yaxşı bilən və ədəbi prosesin çağdaş təfəkkür işığında inkişafına töhfə verən şairdir. O, 30 illik ömründə zəngin ədəbi irs yaradıb.
   1894-cü ildə Həmədan şəhərində dünyaya göz açan Seyid Məhəmmədrza Mirzadə “Ülfət” və “Alyans” məktəblərində təhsil alıb. Burada fransız dilini də öyrənib. Fransalı bir tacirin ticarətxanasında tərcüməçilik edib. Doğulduğu şəhərdə “Eşqinin qəzeti” adlı kiçik formatlı qəzet nəşr etdirib. Cəmi 3 nömrəsi işıq üzü görən qəzet qısa müddətdə bağlanıb. 
   M.Eşqi 1910-cu ildə Tehranda çıxan “Siyasət” qəzetində dərc etdirdiyi şeir və məqalələrində riyakar dövlət xadimlərinə, onların xalqın ziyanına apardıqları yaramaz siyasətə qarşı kəskin çıxışlar edir. Müəllif “Novruznamə” əsərində yeni ədəbi üslub yaratmağa nail olub. Ədibin yaradıcılıq siması və vətəndaşlıq mövqeyi onun “Novruznamə”, “İran sultanlarının dirilməsi” (hər iki əsər İstanbulda qələmə alınıb), “Qara kəfən”, “Ehtiyac”, “Vətən eşqi”, “Üç tablo” və s. kimi əsərlərində öz əksini tapıb. 
   Şair “Uzunqulağa minmiş respublika” poemasını şifahi xalq ədəbiyyatı motivləri əsasında yazıb. Əsərdə Britaniya imperializmi kəskin tənqid edilir. İngilislərin “Respublika” şüarı altında xalqın malını, İranın sərvətini talan etdiyi açıq şəkildə bəyan edilir. Bununla da işğalçı dövlətlərin soyğunçuluq siyasəti qamçılanır. Şair sadə, anlaşıqlı bir dillə mühüm siyasi mətləbləri gündəmə gətirir. “Qara kəfən” poemasında qadınlara kişilərlə bərabər hüquqların verilməsi tələb olunur. Onları qara çadraya-kəfənə bürüyərək cəhalət və səfalət içərisində, zülm və əsarət altında yaşamağa məhkum edənlər tənqid edilir. Həyat idealının aynası olan “Dördüncü məclis haqqında müstəzad”, “Xilqətdən narazılıq”, “Ehtiyac, ey ehtiyac”, “Bəşərin məzəmmət edilməsinə dair”, “Təmiz-pak üz” və s. əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanıb.
   M.Eşqi İran məclisinin nümayəndələrinə qoşularaq İstanbula gedir. İstanbul Darülfünunun Fəlsəfə və ədəbiyyat fakültəsində azad dinləyici kimi mühazirələrə qatılır. Avropa ədəbiyyatı ilə yaxından tanış olur, yeni türk ədəbiyyatını mütaliə etmək imkanı əldə edir. 1918-ci ildə, I Dünya müharibəsi başa çatdığı zaman Həmədana qayıdır. Bu zaman Rusiyada Oktyabr inqilabı qələbə çalır. İnqilabın təsiri İrana da gəlib çatır və Tehranda izdihamlı mitinqlər baş qaldırır. Bu axına M.Eşqi də qatılır. Artıq İngiltərə, Almaniya və başqa dövlətlər İranda müstəmləkəçilik siyasəti yeridə bilmirlər. Həmin ərəfədə M.Eşqi həbs edilir, bir neçə ay zindanda saxlanılır...
   M.Eşqi 1924-cü ildə “İyirminci əsr” adlı jurnalın nəşrinə başlayır. Ancaq bu nəşrin bir nömrəsi işıq üzü görür. Jurnalda verilən karikaturada ayaqları tərsinə nallanmış bir uzunqulaq, onun üstündə isə sağ əlində silah, sol əlində pul kisəsi tutan bir quldur təsvir olunur. Karikaturada uzunqulağın ayaqlarına vurulan tərsinə nallar İranı geri çəkmək istəyən Rza xan, silah, zorakılıq, pul kisəsi isə ingilislərin vətən xainlərinə verdiyi rüşvətin rəmzi olur. Cümhuriyyət şüarını müdafiə edən müxtəlif mətbuat orqanları isə ilan-qurbağa kimi təsvir edilir. 
   Bir həftə sonra, 3 iyul 1924-cü ildə Mirzadə Eşqi öz evində naməlum şəxslər tərəfindən qətlə yetirilir.
   Şairin ölümündən sonra yaxın dostu Əli Əkbər Səlimi 1927-ci ildə şairin “Seçilmiş əsərlər”ini çap etdirir. 1929-cu ildə M.Eşqinin divanı Tehranda nəşr olunur. Həmin divan 1945 və 1952-ci illərdə təkrar çapdan çıxır. 
   M.Eşqi novator sənətkar kimi şeirə yeni nəfəs gətirib. Şair “Novruznamə” əsərinin girişində yazır: “Doğrudur, fars ədəbiyyatı bütün dünyada öz gözəlliyi ilə məşhurdur. Lakin biz heç də məcbur deyilik ki, əsrlər boyu çeynənmiş ədəbi tərzdə yazaq. Bizim ədəbiyyatımız nə qədər gözəl və bəyənilmiş olsa da, yenə onu daha gözəl etmək olar. Biz elə etməliyik ki, ədəbiyyatımız əvvəlkindən çox bəyənilsin”. 
   Ədibin həyat və yaradıcılığı İranda, Avropada və keçmiş sovetlər birliyində, o cümlədən Azərbaycanda alimlərin diqqətini çəkib. Haqqında məqalələr və dissertasiyalar yazılıb. Əsərləri rus, Azərbaycan, özbək, türkmən və s. dillərə tərcümə edilib.
   
   Savalan Fərəcov