TÜRKSOY-un qərargahında “Yenisey ölüm maskaları” fotosərgisi
   
   Mayın 9-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Ankaradakı baş qərargahında “Yenisey ölüm maskaları” fotosərgisinin açılış mərasimi keçirildi. 
   Mərasimdə çıxış edən TÜRKSOY baş katibinin müavini Fırat Purtaş sərginin məqsədindən və əhəmiyyətindən danışdı.
   Layihə koordinatoru Nüket Okutan isə öz düşüncələrini belə izah etdi: “Sərgimizin ev sahibi TÜRKSOY təşkilatına və əməyi keçənlərə təşəkkür edirəm. Rusiya Federasiyasına bağlı bir respublika olan və Sibirin arxeoloji Məkkəsi kimi qəbul edilən Xakasiya torpaqlarına aid olan bu əsərlər bizim eradan əvvəl II əsrdən bizim eranın IV əsrinə qədər dövrü əhatə edir”.
   Bildirildi ki, nümayiş etdirilən fotolar bölgədəki Taştık çayı yaxınlığındakı kurqan qazıntılarının aid olduğu Taştık arxeoloji mədəniyyətinin nümunələridir. 
   Tədbirdə Sibir üzrə mütəxəssis Timur Devlatov da sərgidə nümayiş etdirilən fotoşəkillər haqqında məlumat verdi. 
   Açılış nitqlərindən sonra sərgi sənətsevərlərin ixtiyarına verildi. Burada fotoqraf Hakan Kılıcın obyektivindən 30-a yaxın əsər yer alır. Gil maskaların üzərindəki motivləri iranlı sənətçilər Aydın Yousef Najmi və Dorna Pirşahvirdi çəkib. Layihənin gerçəkləşdirilməsi, fotoşəkil çəkilişinin istiqamətləndirilməsi, kostyum və saç dizaynı kimi detallar isə layihə koordinatoru Nükhet Okutan tərəfindən həyata keçirilib. 
   Sovet arxeoloqu və tarixçisi Sergey Kiselyovun ifadəsi ilə deyilsə, bu maskalar Minusinsk vadisini bütün keçmişiylə müasir xakas xalqının formalaşması arasında əlaqəni göstərməsi baxımından olduqca güclü bir tarixi əhəmiyyətə malikdir.
   Yenisey ölüm maskaları, günümüzdəki xakas türklərinin və bütün türk dünyasının 2 min öncə ilə birbaşa bağını təmsil etməkdədir. Yenisey sahilindəki məzarlardan çıxarılan maskalarla bağlı daha əvvəl belə bir layihə həyata keçirilməyib. 
   Sərgi həmçinin fotoqrafiya, rəsm və keramika kimi sənət qollarını bir araya gətirməklə yanaşı, əsasən elmi çevrələrə xitab edən bir araşdırma mövzusunun daha geniş tanıdılmasının mümkün olduğunu göstərməkdədir. 
   Bu səbəbdən “Yenisey ölüm maskaları” fotosərgisi ziyarətçilər tərəfindən maraqla qarşılandı.
   
   Mehparə Sultanova
   Ankara