Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş aşıq konserti
   
   Mayın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Könüldən-könülə yollar görünür” adlı tədbir keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşdı.
   Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək Molla Pənah Vaqifin 300 illiyi haqqında ölkə başçısının sərəncamını xatırlatdı. Bildirdi ki, sərəncama uyğun olaraq şairin yubileyi ölkəmizin hər yerində təntənəli şəkildə qeyd olunur: “Vaqifin 300 illiyinin UNESCO-nun 2016-2017-ci illər üçün yubileylər proqramına daxil edilməsi Azərbaycanın zəngin ədəbiyyat tarixində silinməz izlər qoymuş qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Şairin yaradıcılığı ölkəmizlə yanaşı, bir sıra türkdilli ölkələrdə də tədqiq edilir. Bu il TÜRKSOY təşkilatı tərəfindən “Molla Pənah Vaqif ili” elan olunub, bununla əlaqədar Türkiyənin Ankara və Sakarya şəhərlərində tədbirlər keçirilib”.
   Məhərrəm Qasımlı vurğuladı ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır: “Vaqif əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeiri onun sayəsində özünün növbəti mərhələsinə qədəm qoyub. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə siyasi xadim kimi də daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib”.
   Qeyd olundu ki, şairin yaradıcılığı daim tədqiq obyektinə çevrilib, əsərləri kütləvi tirajla nəşr edilib və yubileyi keçirilib. 1982-ci il yanvarın 14-də ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. 1992-ci ilin mayında Şuşanı işğal edən Ermənistan silahlı quldur dəstələri digər tarixi-memarlıq abidələri ilə yanaşı, Vaqifin məqbərəsini də dağıdıb.
   Tədbir daha sonra respublikamızın tanınmış aşıqlarının ifasında konsert proqramı ilə davam etdi. Konsertdə Əməkdar mədəniyyət işçisi Urfan Əlinin ifasında “Aran gözəlləməsi”, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və Əli Tapdıqoğlu tərəfindən “Kərəm gözəlləməsi”, Altay Məmmədlinin ifasında “Göyçəgülü” və digər aşıq musiqiləri səsləndirildi.
   
   Fariz Hüseynov