Mayın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “İslam dünyasının musiqi alətləri” sərgisi açılıb. Sərgi IV İslam Həmrəyliyi Oyunlarına həsr edilib.
   Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sərgi barədə məlumat verib. Bildirib ki, sərgidə muzeyin zəngin kolleksiyasından olan Azərbaycan və digər müsəlman ölkələrinin xalq musiqi alətləri nümayiş olunur.
   A.Bayramova İslam ölkələrinin səfirliklərinə müraciət etdiklərini və İndoneziya, Tacikistan, Misir, Qırğızıstanın Azərbaycandakı səfirliklərinin sərgidə nümayiş olunmaq üçün milli musiqi alətləri, audio və videomateriallar, kitablar, rəsm əsərləri təqdim etdiklərini diqqətə çatdırıb. Sərgidə ümumilikdə 70 musiqi aləti yer alıb.
   İslam ölkələrinin Azərbaycandakı səfirliklərinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının və iranlı musiqiçilərin ifasında rəngarəng musiqilər təqdim olunub.
   Mayın 16-da sərgi çərçivəsində daha bir konsert proqramı təqdim olunub.