Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb. Festivalın məqsədi xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılmasıdır.
   Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxış və Bakıda keçiriləcək final mərhələsinə kollektivlərin seçilməsi üçün Gənc Tamaşaçılar Teatrının rejissoru, Xalq artisti Vaqif Əsədovun sədrliyi ilə münsiflər heyəti yaradılıb. Heyətə Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov, Gəncə Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnarə Hacıyeva, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev daxildir.
   Regionlara ezam edilən münsiflər heyəti ilk olaraq Kürdəmir şəhərində Kürdəmir, Sabirabad və Bərdə regional mədəniyyət və turizm idarələrinin tabeliyindəki xalq teatrlarının tamaşalarına baxış keçirib.
   Füzuli rayon Mədəniyyət evinin Xalq teatrı “Çimnaz xanım yuxudadır”, Beyləqan rayon Gənclik xalq teatrı “Apar məni yurduma”, Sabirabad rayon A.İsgəndərov adına Xalq teatrı “Qisas qiyamətə qalmaz”, Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq teatrı “Oyun bitdi” və Yevlax şəhər Kukla xalq teatrı “Tülkünün uçuşu” tamaşaları ilə çıxış ediblər.
   Festivalın növbəti seçim mərhələsi Şəmkir şəhərində keçirilib. Bu dəfə Şəmkir və Ağstafa regional mədəniyyət və turizm idarələrinin tabeliyindəki müəssisələrdə fəaliyyət göstərən xalq teatrları çıxış edib. Tovuz Xalq teatrının təqdim etdiyi “Çimnaz xanım yuxudadır” və Şəmkir Xalq teatrının nümayiş etdirdiyi “Novruz sərgüzəştləri” tamaşaları münsiflər heyəti və tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.
   Qeyd edək ki, paytaxtda və respublikanın bölgələrində 37 xalq teatrı fəaliyyət göstərir. Mədəniyyət müəssisələrində minlərlə insanı özündə birləşdirən xalq teatrlarının fəaliyyətinə nazirlik tərəfindən hərtərəfli qayğı və diqqət göstərilməkdədir. May ayı ərzində II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri, iyun ayında isə final mərhələsi keçiriləcək.