Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan MKS-lər ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi “Kitab bayramı” təşkil ediblər.
   Sumqayıt MKS-nin şəhər Mədəniyyət evinin qarşısında gerçəkləşən tədbirində mindən çox ədəbiyyat nümayiş olunub. Tədbirdə MKS-nin direktoru Yeganə Əhmədova, yazıçı-publisist Eyruz Məmmədov çıxış edib. S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına “Uşaq poeziya teatrı” üzvlərinin ifasında vətənpərvərlik mövzusunda kompozisiya, Mərkəzi uşaq kitabxanasının və Nizami Gəncəvi adına Kitabxana-klubun oxucularının ifasında şeirlər səsləndirilib. Mədəniyyət evinin və Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun özfəaliyyət kollektivlərinin birgə konserti təqdim olunub. 
   Şəhərdəki “28 May” Mədəniyyət evinin qarşısında isə regional idarənin Qubadlı rayon nümayəndəliyi tərəfindən “Kitab bayramı” keçirilib. Tədbirdə ümummilli liderin Azərbaycanın quruculuğunda, inkişafında gördüyü işlər barədə geniş məlumat verilib, şeir və rəqs nömrələri təqdim olunub. 
   * * *
   Sabirabad rayon MKS-nin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda keçirilən tədbirdə də müxtəlif mövzularda kitab sərgiləri təşkil edilib. “Bacarıqlı əllər”, “Mənim rəngli dünyam”, “Dünyaya uşaqların gözü ilə baxış”, “Səsli nağıllar”, “Kitabsevər uşaqlar” başlığı altında təqdim olunan kitablar balaca oxucular tərəfindən maraqla qarşılanıb. Ulu öndərin ömür yoluna həsr edilən “Zəfər yolu” kompozisiyası təqdim olunub. Tədbir konsert proqramı ilə başa çatıb.
   * * *
   Zərdabda təşkil olunan “Kitab bayramı”nda 180 adda 1100 nüsxədən çox kitab, müxtəlif nəşr nümunələri nümayiş olunub. Tədbirin sonunda yerli incəsənət ustalarının təqdim etdikləri konsert proqramı alqışlarla qarşılanıb.