Mayın 15-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
   Komitə sədri Hadi Rəcəbli bildirib ki, layihədə birinci oxunuşla müqayisədə cüzi fərqlər var. Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qeyd edib ki, qanun layihəsində mühüm məqamlardan biri rekreasiya zonalarında tikintiyə icazə ilə bağlıdır. Tikintiyə icazənin nəzarət orqanı tərəfindən verilməsi məsələsi qanunla nizamlanmalıdır.
   Bildirilib ki, layihədə turizm ekspertizası ilə bağlı maddə kifayət qədər lakonik hazırlanmalıdır. Həmçinin Dövlət Turizm Reyestri ilə bağlı maddəyə də dəyişiklik edilməli, burada onlayn sistemin tətbiqi ilə bağlı məsələ həllini tapmalıdır.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov qeyd edib ki, ölkənin turizm imkanlarının bir turizm məhsulu kimi təqdim edilməsi üçün koordinasiya işləri aparılmalıdır: “İcra hakimiyyətləri torpaqları icarəyə verir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitlə bağlı məsələləri tənzimləyir. Bu məsələlərin hamısını turizm məhsulu kimi ortaya gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin ortaq koordinasiyası lazımdır. Bizim Türkiyədən dəvət etdiyimiz ekspertlər də bildirdilər ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da rekreasiya zonalarının inkişafı məqsədilə tikintiyə başlamaq üçün investisiya sənədi və müəssisənin fəaliyyəti üçün ayrıca sənəd təqdim olunmalıdır. Bizim hədəflərimiz də odur ki, sahibkarlar qarşısında maneələri aradan qaldıraq, bölgələrdə infrastrukturu genişləndirək”.
   Sektor müdiri qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkədəki turizm potensialının nələrdən ibarət olduğunu bilməlidir: "Biz bilməliyik ki, hansı ərazilərdə termal sular var, ondan necə istifadə etmək olar. Bunu Mədəniyyət və Turizm Nazirliyi etmir, müvafiq qurumlar edir. Nazirlik sadəcə, onu turizm məhsulu kimi təqdim edir”.
   Layihə yenidən işlənməsi üçün komitədə saxlanıb.