Ankarada “Dəlicəsinə” və “Aşk olsun” kitablarının təqdimatı oldu
   
   Mayın 13-də Ankarada Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) arasında razılaşma əsasında şair və nasir, AYB-nin katibi Rəşad Məcidin “Dəlicəsinə” və şair, İLESAM-ın Azərbaycan təmsilçisi, AYB-nin mətbuat katibi Xəyal Rzanın “Aşk olsun” kitablarının təqdimat mərasimi oldu. Kitabları türk dilinə Məhəmməd Rza Goc çevirib.
   Türk Tarix Qurumunun salonunda baş tutan tədbirdə yazarlar, mədəniyyət və ictimaiyyət nümayəndələri, media təmsilçiləri də iştirak edirdi. İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız qonaqları salamlayaraq AYB ilə əməkdaşlıqdan danışdı. Bildirdi ki, işbirliyi əsasında bu il daha iki kitab AYB tərəfindən nəşr ediləcək. İyun ayında isə İLESAM-la Azərbaycandakı bir neçə qurum arasında əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulub.
   Sonra professor Nurulla Çətin R.Məcidin yeni kitabı haqqında, dosent Ayfer Yılmaz isə X.Rzanın kitabı haqqında dəyərləndirmə və mülahizələrini bölüşdülər.
   Rəşad Məcidin kitaba “Dəlicəsinə” adını verməsinin xüsusi bir mənası olduğunu düşündüyünü deyən N.Çətin bunu belə izah etdi: “İnsan hansı işi görürsə görsün, bunu sevərək edərsə, bütün səmimiyyəti ilə mənimsəyərsə, əldə edər. Hər insan gördüyü işin həyəcanını bütün varlığı ilə hiss etməlidir. R.Məcidin kitaba belə bir ad verməsi ilə yanaşı, özünün də bu kitaba uyğun bir şəxsiyyət, gördüyü işə səmimiyyətlə vurğun insan olduğunu gördüm”.
   Professor bildirdi ki, R.Məcid jurnalistdir, kitaba da müxtəlif illərdə qələmə aldığı esselər, publisistik mətnləri daxil edilib: “Bu mətnlərdə jurnalist kimliyini görürük. Kitabı oxuyarkən gördüm ki, orada Azərbaycan mədəniyyətinin qorunmasından bəhs edilir. Yazıçı türk dilinin, milli marşın, əsas dəyərlərin qorunmasını plana çəkib. Yəni, o, birinci mərhələdə Azərbaycan, ikinci mərhələdə bütöv Azərbaycan, nəhayət, sonuncu mərhələdə isə bütün türk dünyasının birliyi üzərində də bir həssaslıq ortaya qoyur”.
   Xəyal Rzanın “Aşk olsun” kitabını təhlil edən Ayfer Yılmaz isə bildirdi ki, ədəbiyyatın bir özəlliyi də duyğu və düşüncələrdən qaynaqlanmış olmasıdır: “Müəllif kitabda eşqdən bəhs edir. Mən isə düşünürəm ki, yaşadığımız dünyada baş verən bütün gərginliklər, pisliklər də elə eşqsizlikdən qaynaqlanır. Bizə gözəl duyğuları anlatdığı üçün şairə təşəkkür edirəm”. O, kitabdan bir neçə şeiri oxudu. 
   Sonra söz səbəbkarlara verildi. 
   Rəşad Məcid hələ gənc yaşlarından onda böyük bir Türkiyə sevgisinin olduğunu və bu xəyalın getdikcə gerçəyə çevrildiyini bildirdi: “Sovet ittifaqında yaşayırdıq. 24-25 yaşlı gənc bu yazıları yazarkən və Türkiyəyə ilahi bir sevgisi olarkən, ancaq xəyal kimi təsvir edərdi ki, 25-30 il sonra Türkiyədə belə bir kitabı çıxacaq, dostları da onun haqqında xoş sözlər deyəcək. Kitabı yenidən oxuduqda o illərə qayıtdım. Məsələn, sovet illərindəki duyğu və düşüncələrimizə. Sonra 90-cı illərdə Azərbaycanda Qarabağ müharibəsi başladı. O dövrdə olan hisslər, duyğular da bu kitabda yer alıb. Kitabda həm yazıçı, həm də jurnalist kimi 25-30 illik fəaliyyətimi əks etdirən yazılar toplanıb. Türkiyə ilə bağlı düşüncələrim də yer alıb. 90-cı illərdə Türkiyəyə gələndə görürdüm ki, insanların çoxu Azərbaycanı yaxşı tanımır. Lakin getdikcə vəziyyət dəyişdi, burda dostlar da qazandım. O dostlardan biri İrfan Çiftçi idi və o, bu kitaba ön söz yazıb. İrfan bəy Türkiyənin Azərbaycandakı səfirliyində mədəniyyət və tanıtım müşaviridir. Sonrakı illərdə Yaqub Öməroğlu, Əli Akbaş, İmdat Avşarı, Mehmet Nuri Parmaksız və başqalarını tanıdım. Bu adamların dostluğu mənim üçün xəzinədir”.
   Xəyal Rza tədbir iştirakçılarını AYB-nin sədri, Xalq yazıçısı Anarın adından salamladı. Sonra İLESAM-ın Azərbaycandakı fəaliyyətinə toxundu və bildirdi ki, bu işbirliyi iki ildir ki, davam edir: “Əlaqələr genişlənir, yeni-yeni layihələr gerçəkləşdiririk. Üzvlərimizin sayı artmaqdadır. Hazırda İLESAM Azərbaycanda da dəyərli bir qurumdur”. O, işbirliyi çərçivəsində gələcək layihələrdən də bəhs etdi, kitabın çapına görə quruma təşəkkürünü bildirdi. 
   Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, yazıçı-tərcüməçi İmdat Avşar, şair, nasir, tərcüməçi Seyran Səxavət, jurnalist İlhamə Qasımlı və başqaları hər iki müəllif haqqında fikirlərini dilə gətirdilər. 
   Çıxışlardan sonra müəlliflər kitablarını imzalayaraq oxuculara təqdim etdilər.
   
   Mehparə Sultanova
   Ankara