Xəbər verdiyimiz kimi, Ümumrusiya Kinematoqrafiya Universiteti ilə aparılmış danışıqlar nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bir neçə kino ixtisası üzrə rus dilində bakalavr təhsili almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.
   Daha hazırlıqlı namizədləri müəyyən edib, onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. 
   “Azərbaycanfilm”dən bildirilib ki, abituriyentlərdən sənədləri rus dilində iyunun 15-dək kinostudiyaya təqdim etmələri tələb olunur. Hər bir ixtisas üzrə lazım olan sənədlərin siyahısı ilə www.vgik.info internet səhifəsində tanış olmaq mümkündür.