Pekində keçirilən beynəlxalq tədbirdə ölkəmizi Bakı Musiqi Akademiyası təmsil edib
   
   Çinin paytaxtı Pekində Mərkəzi Musiqi Konservatoriyası tərəfindən təşkil olunmuş “İpək Yolu üzərində yerləşən ölkələrin musiqi təhsili üzrə vahid bölgə, vahid yol” adlı tədbir keçirilib. Tədbirdə ölkəmizi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) təmsil edib. 
   Tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında musiqi təhsili müəssisələrinin əməkdaşlığı məqsədilə yaradılan alyansın təsis yığıncağı çərçivəsində Çinin 10-dan çox konservatoriyası və 13 ölkənin musiqi təhsili ocaqları rəhbərlərinin iştirakı ilə baş tutan beynəlxalq tədbirdə “Vahid bölgə, vahid yol - musiqi təhsili ittifaqı haqqında saziş” imzalanıb.
   BMA-dan bildirilib ki, sənəddə bu ölkələr arasında mədəni əlaqələr, qarşılıqlı mübadilələr, birgə yeni layihələr, konsertlərin keçirilməsi və s. nəzərdə tutulur.
   İmzalanmadan sonra keçirilən konfransda müvafiq ölkələrin musiqi təhsilinin vəziyyəti, habelə musiqi tarixi haqda məruzələr dinlənilib. Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova “İnteqrasiya - Azərbaycanda professional musiqi təhsili tarixinin inkişaf prinsipləri kimi” mövzusunda məruzə ilə çıxış edib.
   Sonra Azərbaycanın Çindəki səfirliyinin dəstəyi və təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 94 illiyinə və Çin - Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Konsertdə Xalq artisti Yeganə Axundova, əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Elşən Mansurov (kamança) və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov çıxış edib.