Telman Abbasov tanınmış rəssamlarımızdandır. 1956-cı ildə Bakının Bülbülə kəndində anadan olub. Rəsm çəkməyə uşaqlıqdan həvəs göstərib. Atası Mürsəl kişi oğlunun bu bacarığını görüb və ona yardımçı olub. Çünki özünün də yaxşı rəsm çəkməyi və şeir yazmağı vardı. Ona görə də Telman müəllim atasını hər sahədə ilk müəllimi sayır.
   T.Abbasov 1972-1976-cı illərdə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. İki il hərbi xidmətdən sonra müxtəlif işlərdə çalışıb, özünün dediyinə görə, bir müddət rəssamlıqdan aralanıb. Sonradan rəssamlıq üzrə ali təhsil almaq fikrinə düşür və 1985-1991-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil alır. 1993-cü ildə onu universitetə müəllim işləməyə dəvət edirlər. 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsm kafedrasında çalışan rəssam indi həmin təhsil ocağının dosentidir. 24 ildir ki, gənc nəslə rəssamlıq sənətinin sirlərini öyrədir.
   Həmsöhbətim deyir ki, sənət müəllimi olmaq çox məsuliyyətlidir: "Bütün bilik və bacarığımı tələbələrimə verməyə çalışıram. Onların içərisində gələcəyinə inandığım gənclər çoxdur. Rəsm bizim sənətdə özüldür, onu yaxşı bilmədən yaradıcılıq mümkün deyil. Rəssam ardıcıl işləməli, düşünməli, müşahidələr aparmalıdır”.
   Rəssam 6 dəfə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) keçirdiyi “İncəsənət və idman” mövzusunda müsabiqədə iştirak edib, I, II və III dərəcəli mükafatlara layiq görülüb. 2000-ci ildə Beynəlxalq Olimpiya Komitəsi yerli milli olimpiya komitələrinin keçirdiyi müsabiqədə yer tutmuş əsərlərdən ibarət müsabiqə təşkil edib, T.Abbasovun həmin əsəri burada IV yer tutub. Sözügedən əsər indi İsveçrənin Lozanna şəhərində saxlanılır. 
   O, həmçinin ölkəmizdə keçirilən sərgilərdə fəal iştirak edir. 20 Yanvar hadisələrinə həsr etdiyi qrafik lövhəsi Azərbaycan Milli İncəsənət Muzeyində saxlanır. 
   T.Abbasov rəngkar və qrafikdir. Müxtəlif mövzularda rəngkarlıq əsərlərinin müəllifidir. Bu əsərlərdə doğma yurdun gözəl təbiəti, insanları öz əksini tapıb. Rəssamın “Dədə Qorqud”, “Kür qırağı”, “Gələcəyin dahisi”, “Qonşular”, “Zamanın bətnində”, “Lirika”, “Dağ kəndi”, “İgidlər”, “Batabat”, “Haray”, “Dostlar”, “Nənə”, “Xalçaçı”, “Kəndimiz” kimi rəngkarlıq əsərlərində təqdim etdiyi hadisəyə, mövzuya öz yanaşması aydın görünür. “Azadlıq”, “Bizim küçə”, “At ili”, “Qaval daşı”, “Sevinc”, “Bayramqabağı”, “Qocalar”, “Məhəllə uşaqları” qrafik əsərləri də müəllifin mövzuya yanaşma ustalığını təsdiq edir. 
   T.Abbasov həm də şairdir. Şairliyi rəssamlığından geri qalmır. Əsasən satirik şeirlər və qəzəllər yazır. Deyir ki, bu iki sənət uzun illərdir ki, onun yaşamında yanaşı addımlayır. Müxtəlif mövzularda yüzlərlə şeirin müəllifidir, ilk kitabını çıxarmağa hazırlaşır. 
   Bu barədə deyir: “1970-ci illərdən “Kirpi” jurnalı ilə əməkdaşlıq etməyə başladım. Orada satirik şeirlərim çıxdı. Mərhum redaktor Seyfəddin Dağlı mənə şeirlərimlə bağlı ümidverici sözlər demişdi. Hətta bir dəfə onun uğurlu sözü, təqdimatıyla “Azərbaycan gəncləri” qəzetində şeirim də çap olunmuşdu. Satirik poema da yazmışam. Poema “Day-day bada getdi” adlanır. Rəhmətlik S.Dağlı bunu o vaxt kitab kimi buraxmağı tövsiyə etmişdi. Başım qarışdı, yaddan çıxdı, bugünəcən qaldı”.
   Rəssamın sənət haqqında düşüncələri də maraqlıdır. Deyir ki, hər çağın öz sənəti var. Sənət hər zaman yenilənməli, dövrün tələblərinə cavab verməlidir. O, Rembrandtı dünyada ən böyük rəssam sayır. Azərbaycan rəssamlarından isə Səttar Bəhlulzadənin və Toğrul Nərimanbəyovun vurğunudur. 
   T.Abbasov emalatxanasında keçirdiyi vaxtı həyatının ən mənalı anları hesab edir. O hər gün bura gəlir, öz sevimli işiylə məşğul olmaqdan zövq alır.
   
   S.Qaliboğlu