Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon MKS-nin 1 saylı filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ənənəvi “Kitab bayramı” keçirilib. 
   Tədbirdə idarənin rəis müavini Nazim Əliyev, Milli Məclisin deputatı Fazil Mustafa, rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov, yazarlar Gülarə Munis, Sayman Aruz, tənqidçi Əsəd Cahangir və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları öncə kitabxananın binası önündə uşaqların əl işlərindən və rəsmlərdən ibarət sərgi ilə tanış olublar. 
   Çıxışçılar artıq ənənə halını alan bayramın əhəmiyyətindən söz açıblar, belə tədbirlərin kitaba, mütaliəyə marağın artırılmasında, uşaq və gənclərin maariflənməsində rolu vurğulanıb.
   * * *
   F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İslam həmrəyliyi ili”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yasamal rayonundakı “Kids Baku” və “Baby on board” uşaq bağçalarının uşaqları iştirak edib. 
   Tədbiri kitabxananın direktoru Şəhla Qəmbərova açaraq bildirib ki, müsəlman dünyasında müasirliyin, sabitliyin, inkişafın ünvanı olan Azərbaycan bu gün islam aləmində həmrəyliyə mühüm töhfələr verir. Yüz il öncə - XX əsrin əvvəllərində sələflərimiz islam dünyasında mədəniyyətdə, demokratik dövlət quruculuğunda ilklərə imza atıblar. Yüz il sonra Azərbaycan müsəlman dünyasında öncüllər sırasındadır.
   Tədbirin bədii hissəsində uşaqlar nağıl qəhrəmanları, İslam Həmrəyliyi Oyunları ilə bağlı yarışmada iştirak edib, dostluğu, həmrəyliyi tərənnüm edən şeirlər söyləyiblər.
   
   Lalə Azəri