Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 2016-cı ildən ulu öndər Heydər Əliyev irsinin təbliği məqsədilə bu ölkənin tələbələri üçün xüsusi təqaüd təsis edib.
   Bu il təqaüdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin iki tələbəsi - Şaxnoza İsmatova və Tatyana Abbasova layiq görülüb.
   Təqaüdü tələbələrə təqdim edən AMM-in direktoru Samir Abbasov Azərbaycan xalqının ümummilli liderinin hər zaman elmə, təhsilə diqqət və qayğı göstərdiyini, bunun nəticəsində azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərdə təhsil aldığını diqqətə çatdırıb.
   Özbəkistanlı tələbələr AMM-ə təşəkkürlərini bildirib, Azərbaycanın, ulu öndər Heydər Əliyevin zəngin irsinin təbliğinə töhfə verəcəklərini vurğulayıblar.
   Qeyd edək ki, ötən il bu təqaüdə Özbəkistandakı Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin iki tələbəsi layiq görülmüşdü.