“JARA 2017” festivalı 500-dən çox iştirakçını bir araya gətirəcək
   
   Tanınmış musiqiçi və müğənni Emin Ağalarov, məşhur rusiyalı media meneceri və prodüser Sergey Kojevnikov və Rusiyanın Əməkdar artisti, müğənni Qriqori Lepsin müştərək layihəsi olan beynəlxalq “JARA” musiqi festivalı bu il 27-30 iyul tarixində yenidən estrada həvəskarlarını Xəzər sahilində toplayacaq.
   2016-cı ilin 9-10 iyulunda “Sea Breeze” istirahət mərkəzində gerçəkləşən ilk festivala Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstanın tanınmış müğənniləri qatılmışdı.
   Festivalın təşkili və proqramı ilə bağlı danışan (1news.az) Emin Ağalarov bu dəfə Bakıya xarici şou-biznesin tanınmış nümayəndələri, musiqiçilər, rəqqaslar və onları müşayiət edənlərlə birlikdə 500-dən çox qonağın dəvət olunduğunu deyib.
   Onun sözlərinə görə, dörd gün davam edəcək festivalın fəxri qonaqları arasında Alla Puqaçova, Sofiya Rotaru kimi məşhur simalar da olacaq. “İdeyalarımız çoxdur, biz “JARA”nı daha unikal etmək istəyirik. Festivalın ilk günündə bütün artistlər özlərinin əsas hit mahnılarını ifa edəcəklər. Bu, rəngarəng bir gecə olacaq. İkinci gün Sofiya Rotarunun yubiley gecəsini keçirməyi planlaşdırmışıq. Üçüncü gün Alla Puqaçovanın yaradıcılıq gecəsi təşkil ediləcək və burada gənc artistlər, duetlər və Rusiya şou-biznesinin primadonnasının solo çıxışı olacaq. Festivalın sonuncu günündə Qriqori Lepsin yubiley gecəsi planlaşdırılıb - bu il mənim dostumun və gözəl sənətkarın 55 yaşı tamam olur”, - deyə o bildirib.