Beynəlxalq muzeylər günü ilə əlaqədar Xalça Muzeyində sərgi
   
   Mayın 18-də Azərbaycan Xalça Muzeyində “Dekorativ-tətbiqi sənətdə sosialist realizmi” sərgisinin açılış mərasimi keçirildi. Beynəlxalq muzeylər günü münasibətilə təşkil olunan sərgidə muzeyin kolleksiyasından nümunələr yer almışdı.
   Mərasimi muzeyin direktoru, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova açaraq 18 may - Beynəlxalq muzeylər günü haqqında məlumat verdi. Bildirdi ki, əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Məqsəd muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdən ibarətdir. 
   Qeyd olundu ki, bu il əlamətdar gün “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusuna həsr olunub. Bu mövzu muzeylərin insanlar arasında sülhü təbliğ edən mərkəzə çevrildiyini vurğulayır.
   Şirin Məlikova onu da diqqətə çatdırdı ki, 18 may Azərbaycan üçün acı bir tarixdir. Ölkəmizin dilbər guşələrindən olan Laçın rayonu 1992-ci ilin bu günündə Ermənistan tərəfindən işğal edilib. Ümumilikdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun işğalı nəticəsində 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi, o cümlədən 22 muzeyi, 4 rəsm qalereyası erməni faşistləri tərəfindən dağıdılıb. Direktor əmin olduğunu bildirdi ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində işğal altındakı bütün torpaqlarımız azad ediləcək. 
   Məlumat verildi ki, “Dekorativ-tətbiqi sənətdə sosialist realizmi” sərgisində nümayiş olunan əsərlər SSRİ dağıldıqdan sonra ilk dəfə təqdim edilir. Bu sənət əsərləri müəyyən ideoloji mühitlə bağlı olsa da, sənətkarlıq baxımından yüksək dəyərə malikdir.
   Mədəniyyət və Turizm Nazirliyi Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova ölkəmizdə muzey işinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Vurğulandı ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ümummilli lider respublikada muzey şəbəkəsinin genişləndirilməsini, maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının mənzil-muzeyləri, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri ümummilli liderin şəxsi təşəbbüsü sayəsində yaradılıb. Son illər bu sahənin inkişafı ilə əlaqədar ölkə başçısı İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb. Muzeylər yeni binalarla təmin edilib, ekspozisiyaları yenilənib. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir neçə yeni muzey fəaliyyətə başlayıb.
   Tədbirdə digər çıxış edənlər də Beynəlxalq muzeylər gününün əhəmiyyətindən söz açdılar. Bu əlamətdar günün qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş qeyd edilməsinin önəmi vurğulandı.
   Daha sonra Beynəlxalq muzeylər gününə həsr olunmuş videoçarx nümayiş etdirildi. Tədbir iştirakçıları sərgi ilə tanış oldular. 
   Qeyd edək ki, hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir. Beynəlxalq muzeylər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə əsasən, mayın 18-dən 20-dək ölkənin muzeylərində və mədəniyyət qoruqlarında “Açıq qapı” aksiyası keçirilir.
   
   Fariz Hüseynov