Qurumun növbəti assambleyasının 2018-ci ilin may ayında Qalaaltı kurortunda keçirilməsi ilə bağlı müzakirələr aparılıb
   
   16-18 may tarixində Portuqaliyanın Kaldaş de Rainya şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) illik toplantısında (Baş assambleya) Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi - assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir.
   Açılış mərasimində Kaldaş de Rainya şəhərinin meri Sergio Azevedo üzv ölkələrdən gələn qonaqları salamlayaraq bildirib ki, mötəbər tədbirin bu şəhərdə keçirilməsindən olduqca məmnundur. 
   Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Guiseppe Bellandi müzakirə ediləcək məsələlərdən söz açaraq qeyd edib ki, qurumun üzvlərinin sayı artmaqdadır və Avropa sağlamlıq turizmi imkanlarının inkişafı və daha çox tanıdılması baxımından olduqca əhəmiyyətli layihələr həyata keçirilir.
   G.Bellandi Rusiyanın Kislovodsk, Braziliyanın Minos Gerais, Portuqaliyanın Algarve termal şəhərlərinin üzvlük üçün müraciət etdiyini deyib və EHTTA ekspertlərinin qeyd olunan şəhərlərin termal turizm imkanları, eləcə də tarixi-mədəniyyət abidələri ilə tanış olmaq məqsədilə səfərləri haqqında məlumat verib.
   Xatırladırıq ki, ötən ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Qalaaltı kurortu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub və 2018-ci ilin may ayında EHTTA-nın növbəti assambleyasının Qalaaltıda keçirilməsi qərara alınıb.
   Portuqaliyada keçirilən toplantıda Qalaaltıda təşkil olunacaq assambleyanın mövzusu və gündəliyi haqqında da ətraflı müzakirələr aparılıb, ölkəmiz adından təqdimat keçirilib.
   EHTTA-nın prezidenti G.Bellandi çıxış edərək növbəti ildə bu tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib və Qalaaltıda assambleyanın uğurla gerçəkləşəcəyinə əmin olduğunu deyib. 
   Eyni zamanda müzakirələr zamanı yaxın gələcəkdə Azərbaycanın digər termal regionlarının da assosiasiyaya üzvlüyü məsələsi qaldırılıb.