Elxan Cəfərov: “Kinoda fərdi emosiyalar əsas rol oynamır, kütləvi emosiya mütləqdir”
   
   O, ilk dəfə 8 yaşında Eldar Quliyevin ”Sevinc buxtası" filmində ekrana çıxıb. Bir il sonra “Şir evdən getdi” filminin sınaq çəkilişlərinə dəvət olunur və ifası bəyənilib. Oynadığı uşaq rolları arasında A.Dovjenko adına kinostudiyanın (Kiyev) “Hazır ol, əlahəzrət” (1977) filmində Balaca şahzadə rolu ilə daha çox tanınıb... 
   O vaxtdan illər keçib və uşaq filmlərimizin sevimli aktyoru artıq maraqlı ekran əsərlərinin rejissoru kimi ad çıxarıb. Həmsöhbətimiz istedadlı kinorejissor Elxan Cəfərovdur. O, 2015-ci ildə quruluş verdiyi “Dolu” bədii filminə görə “Ən yaxşı rejissor işi” nominasiyasında "Qızıl pəri" mükafatına, 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 
   
   - Elxan müəllim, son illərin ən uğurlu filmləri sırasında 2015-ci ildə ekrana çıxan, tarixi assosiasiyalarla zəngin “Yarımçıq xatirələr” filminizin özünəməxsus yeri var. Bu gün belə filmlərin azlığının səbəbi nədir?
   - Səbəb istehsalat potensialıdır. O filmin yaxşı alınmasının əsas səbəbi çəkilişlərin çox hissəsinin Belarusda həyata keçirilməsidir. Çünki orada film çəkilişi potensialı çox güclüdür və sovet dövründən bu yana olduğu kimi qalıb. Bizdə istehsalat imkanları məhduddur. Bu gün dövlət sifarişi ilə film çəkərkən texnikanın bir qismini xarici ölkələrdən icarəyə götürürük.
   - “Yarımçıq xatirələr”də Xalq artisti Şamil Süleymanlının oynadığı kamança səhnəsi ən yaddaqalan kadrlardan biridir...
   - O səhnə filmin əsas ssenari müəllifi Yavər Rzayevin düşüncəsinin məhsuludur. Həmin kadrı saxlamaq üçün çox mübarizə apardıq. Çoxları məsləhət bilirdi ki, o səhnəni çıxarmaq lazımdır. Ekran əsərində beynəlmiləl faktlar çoxluq təşkil etdiyi üçün milli faktın qabardılması düzgün hesab edilmirdi. Amma mən inad etdim. Biz hər zaman belə işlərdə təvazökarlıq etdiyimiz üçün uduzmuşuq. Bizim qonşular filmlərdə belə addımları lazım gəldi-gəlmədi atırlar. Bu səhnə mənim üçün çox dəyərli idi və buna görə ssenari müəllifinə minnətdaram.
   - Müxtəlif ölkələrdən gələn kino mütəxəssisləri dəfələrlə vurğulayıblar ki, Azərbaycan kino üçün mükəmməl məkandır. Biz bu istiqamətdən maliyyə əldə edib, maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldə bilərikmi?
   - Bu gün xarici kino şirkətlərinin Azərbaycana diqqətinin əsas tərəfi təbiətimizdir və ölkəmizdə əmin-amanlığın olmasıdır. Bu stabillik çox cəlbedicidir. Əvvəllər Türkiyə əsas hədəf idisə, bu gün müəyyən səbəblərdən orada bu sahənin biznesi bir az zəifləyib. Şərq elementi, islam qaydaları, ekzotikanı bu gün həmin xarici kino investorları məhz Bakıda axtarırlar. Müəyyən mənada biz bu mövqenin bir hissəsini tutmağa başlayırıq. Həmin sahədən qazanılan maliyyədən danışmaq hələ tez olsa belə, deyərdim ki, mümkündür. İnanıram ki, bu işlə məşğul olan insanlar onun öhdəsindən gələcəklər. Hər bir sənət növünün inkişafı üçün mütləq sabitlik lazımdır. Bu gün Hollivud filmləri ona görə məşhur və baxımlıdır ki, Amerikada cəmiyyət sabitdir və bu şəraitdən hər hansı bir problemə baxış mümkündür. Lakin problem içindən problemə bədii baxış qeyri-mümkündür. Şeir, musiqi yazıla bilər, rəsm çəkilə bilər. Amma kino həm də sənaye məhsulu olduğu üçün burada fərdi emosiyalar çox da böyük rol oynamır. Kinoda kütləvi emosiya mütləqdir. Buna görə də kinonun inkişafı üçün bütün səylər birləşməlidir.
   - Hollivud filmlərindən söz düşmüşkən, görkəmli kinorejissor Nikita Mixalkov Bakıda olduğu zaman bildirdi ki, o, Hollivud filmlərini kino sənəti sırasına daxil etmir.
   - Bu fikri Hollivud filmlərinə tam alternativ istehsal edə bilən, dünya kinosunda öz mövqeyi olan insan, yəni Mixalkov səsləndirə bilər. Amma mən onunla bu nöqteyi-nəzərdən razı deyiləm. Bu gün istədik-istəmədik, Hollivud filmləri dünya kino nümunəsini, kino və tamaşaçı münasibətlərini diktə edir. Bəli, bu filmlər sırf kinematoqrafiya deyil, həm də siyasi funksiya daşıyır. Siyasiləşmiş sənətdir. Amma industrial nöqteyi-nəzərdən onların kino sənəti sırasına daxil edilməməsi ilə qətiyyən razı deyiləm.
   - Ötən ay 50 yaşınızı qeyd etdiniz...
   - Yadımdadır, 40 yaşım olanda deyirdilər ki, hələ gəncsən. 50 yaşın tamamında sanki şəxsi dəyərlərə yenidən baxış keçirdim. Bütün bunlar daxili düşüncələr və özünə təlqindən də asılı idi. Elə bil ki, yuxudan oyandım. Mənə elə gəldi ki, bu yaş maraqlı mərhələdir. Artıq sən bu yaşa qədər hər hansı bir fikri söyləməkdə tərəddüd edirsən. Bunu söyləmək düzgündürmü, yoxsa düzgün deyil... Məncə, 50 yaşdan sonra bunu analiz etməyə o qədər də böyük ehtiyac olmur. 50 yaş elə həddir ki, 70 yaşlı birinin sözünü məsləhət kimi başa düşə bilərsən. Amma məişət zəminində müəyyən bir kamillik dərəcəsinə çatır insan...
   - Sənətdə kinonun yerini necə xarakterizə edərsiniz?
   - Mənim üçün incəsənətin tacı musiqidir. Bundan sonra ədəbiyyat, daha sonra digər sahələr, teatr, rəssamlıq, kino və s. gəlir. Kino incəsənətin ən gözəgəlimli hissəsidir. Çünki burada sənətin bir çox sahələrini cəmləmək olur. Məhz bu cəhətdən bəzən onu ən bahalı, məişətdə və insan ruhuna ən güclü təsir qüvvəsinə malik, auditoriyasına görə geniş sənət sahəsi kimi təqdim edirlər. Deyərsiniz ki, bəs niyə qeyd etdiyim sahələrə teatrı daxil etmədim. Teatrı başa düşmək üçün insan müəyyən təfəkkürə, biliyə sahib olmalıdır. Məncə, kino heç bir savada malik olmayan insanda belə marağa səbəb ola bilir. Rəsm əsərindəki incəliyi hər kəs başa düşə bilməyə bilər, poeziya nümunəsinin alt qatında verilən ifadəni və fikri də başa düşməmək mümkündür. Amma kinoda istədin-istəmədin bu reallıqları açıq surətdə verməsən qəbul edilməyəcək. Məhz bu səbəbdən də kino sadə həqiqət olduğu üçün qavranılması asandır. Bununla belə, onun arxasında böyük çətinliklər dayanır: rejissorun düşüncəsi, operator işi, ssenari. Amma nəticə olaraq bütün bunlar bir güzgüdür. Böyük şairimiz Şəhriyarın misralarını yada salsaq: “Bir sinema pərdəsidir gözümdə, Tək oturub, seyr edərəm özüm də”. Bax, kino nəticə olaraq “seyr edirəm özüm də”ni insanın qarşısına qoyur. Ona görə də insanlara çox yaxındır. 
   - Növbəti filminizi hansı janrda çəkmək istərdiniz?
   - Mənə görə, rejissor üçün janr fərqi olmamalıdır. Bu gün mən komediya da çəkə bilərəm, melodrama da, müharibə də. Yeganə bəyənmədiyim triller və qorxu janrında filmlərdir. Rejissor hər bir janrdan baş çıxarmağı bacarmalıdır.
   
   Lalə Azəri