“Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir” demiş Abbas Səhhət
   
   Diqqətinizə çatdırmağa çalışacağım bu istedadlı ədib və təbibimiz - qəbri hələ də bəlli olmayan, qədri isə ədəbi ictimaiyyət tərəfindən xeyli sonralar bilinməyə başlanan Abbas Səhhət haqda söhbətimə onun millilik faktlarıyla dolu ömrünün axır çağlarında erməni daşnakları qarşısıyca Şamaxıdan Gəncə tərəfə qaçış faktından başlayıram.
   Təsəvvür edin; özünün bütün ölkə, millətinin dünya ilə bir adı olan, ağrılardan üzülən xəstələrinə “bərk dur, dözümlü ol” deyən, şagirdlərinə “siz qəhrəmanlar övladısız!” hayqıran şan-şöhrətli, abır-ismətli, ağır bir kişi düz-əməlli milli-etnik-demoqrafik əsli-kökü olmayanların qarşısı ilə... qaçır!..
   
   Əlbəttə...
   
   “Vətəni sevməyən insan olmaz, 
   Olsa da, ol şəxsdə vicdan olmaz!” -
   demiş bir ədibi bu millətin düşmənləri mütləq qovmalı idi... 
   Çünki o düşmənlər bu gözəl şair, müəllim və dövrünün maraqlı dramaturqunun ümumxalq sevimlisi olduğunu, tarixən avamlıqda saxlanılmağa çalışdıqları bu “məzlum toplum”un mədəni-mənəvi oyanışı üçün dünya ədəbiyyatı seçmələrini yorulmaq bilmədən dilimizə çevirdiyini elə bu xalqın yarıdan çoxundan yaxşı bilirdi. “Səhhət” təxəllüsü ilə yazıb-yaratmış Abbas Ələkbər oğlu Mehdizadə 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib. Uşaqlıqda demək olar ətrafındakıların heç birinin diqqətini cəlb etməyən Abbas ilk gəncliyində düşüncə və qabiliyyətlərilə bütün Şamaxını heyran edir. Atasının və tez-tez “mökəm zökəm” olan qonşu qarının da arzularına müqabil olaraq, “doxdurluq dalısıyca” getdiyi Məşhəd və Tehran şəhərlərində təhsildə ikən söz loğmanlığına da aşiq və vaqif olur. Bu vaqiflik elə Şamaxıya dönən kimi (1901) üzə çıxır və beləliklə, ətraf ərazilərdə “məşhur təbib” adı çıxarmış Abbasa həkimlikdən yalnız “Səhhət” təxəllüsü “yadigar” qalır. 
   Adi məktəblərdə və sonralar “Realnı məktəb”də Azərbaycan dilindən dərs deyən Abbasın dərslərinin alt qatı milli ədəbiyyat, klassik poeziya, məhəllə-məclislərdəki söhbətlərinin nüvəsi böyük sənət və mədəniyyət ab-havası ilə keçir və az keçmiş özü də qaynar ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən “Şərqi-Rus” qəzetində maraqlı məqalələrlə çıxış edir. Getdikcə yazılarının sayı və həcmi ilə bərabər, məna-mahiyyətləri də böyüyür; artıq o, “Yeni poeziya necə olmalıdır?” kimi ədəbi-tənqidi mövzularda, “Poetik nitq” xüsuslu göstərilərdə gəzişməyə başlayır, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” kimi şeirlərilə ictimai-siyasi, milli-mənəvi mayakları hədəfləyir.
   Dövrün ən vacib problemlərindən olan “Yeni üslublu məktəblər” ideyasının yorulmaz müdafiəçilərindən olan A.Səhhət, bir çox ümummilli sahələrlə bahəm, bu işin fədakarına - Əli bəy Hüseynzadəyə sidq-ürəkdən köməkliklərdə də bulunur, bir müddət sonra, Azərbaycan romantizm ədəbi cərəyanına dair gözəl nümunələrlə “Füyuzat”da çıxışlar edir. 
   Müasirləri yazırdılar ki, A.Səhhətin imzasını görmək istəyənlər hansısa bir qəzet-jurnal axtarmasın, istənilən nəşri götürüb baxsın. Bəli, A.Səhhətin o dövr Bakısında nəşr olunan bütün qəzet və jurnallarda mütəmadi çıxış etməsi bir faktdır. Tərcüməçiliklə də məşğul olan ədib o dövr Azərbaycan oxucusunu Lermontov, Puşkin, Krılov, Maksim Qorki və b. rus yazıçıları, habelə fransız (Hüqo, Müsse, Sülli-Prüdom), alman və başqa xalqların şair və yazıçılarının əsərləri ilə tanış edirdi.
   Ötən əsrin ikinci onilliyindən başlayaraq öz şeirlərindən ibarət “Sınıq saz” adlı sanballı bir kitab çap etdirir, ardınca Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” və “Şair, şeir pərisi və şəhərli” adlı poemaları nəşr olunur. Ədibin Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etməsi, İslam dəyərlərindən imtinaya qarşı çıxışları, əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləməsi də tədqiqatçıların vurğuladıqları nüanslardandır.
   İlk gəncliyindən son nəfəsinədək yazıb-yaratsa da, barmaq sayı kitablar (“Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi”, “Kasıblıq eyib deyil”, “Qərb günəşi”, “Neft fontanı” və s.) çap etdirmiş bu ədib -
   
   Öz şeirlərində nələr söyləmiş?
   
   Öncə belə bir nüansı qeyd etməli ki, bu şair şeirlərindəki “bədii uşaq”larla da onların doğma valideynləri kimi danışıb-davranır. Bunun təsdiqi üçün onun ikicə nümunəsi (“Ana və oğul”, “Ata və oğul”) də bəs edər:
   
   Hər sabah gün ki, saçar aləmə nur, 
   Danədən ötrü uçar cümlə tüyur, 
   Ayıl, oğlum, bu qədər eyləmə xab, 
   Dur götür qoltuğuna indi kitab, 
   Məktəbin vaxtı keçir, eylə şitab, 
   Yatma bu payədə rahət, a çocuq! 
   Etmə tənbəlliyi adət, a çocuq! 
   
   Ay dədə, dur get mənə çox şeylər al, 
   Bir dənə çanta, bir-iki dəftər al! 
   Mən dayım oğluyla gəlirdim bayaq, 
   Gördüm o məktəbdə oxur çox uşaq. 
   Dərsləri yetdikdə, dədə, axirə, 
   Oxudular elliyi birdən-birə. 
   Çöldə müəllim məni də dinlədi, 
   Sonra nəvazişlə belə söylədi: 
   - De səni göndərsin atan məktəbə, 
   Elm oxuyub ta yetəsən mətləbə. 
   Bu şairin şeirlərində əxlaqi baxışla sosial baxış qəribə bir paralellikdədir və bunun özü də onun maarifçilik baxışlarından qaynaqlandığına bir işarətdir. Məsələn;
   
   Sən mükafatını insanlığa xidmətdə ara, 
   Əbədi zövqü, təsəllini həqiqətdə ara.
    
   Yaxud, “Müsəlman ürəfası” şeirində şair milli özgürlüklərə xor baxan “gahgir”ləri oxucularına aşağıdakı sayaq təqdim edir: 
   
   Yeri düşsə əgər müsəlmandır, 
   Vaxt olur ya İvan, ya da Vartandır,
   Düzü, o nə bundan, nə ondandır,
   Yeni bir şey - əcaib insandır..
   
   Yüksək milli əxlaq və mədəniyyət daşıyıcısı olan bu şair xalqının inkişaf-intibah nəfi naminə bəzən sərt ifadələrdən də çəkinməyib: 
   
   Tutalım çox ağıllı tacirsən, 
   İş aparmaqda xeyli mahirsən, 
   İqtidarın, malın, pulun çoxdur, 
   Xalqa ondan vəli, kömək yoxdur.
   Sandığında var isə milyonlar, 
   Nəf görmürsə gər müsəlmanlar - 
   Tfu sənin mülkü malü-dövlətinə, 
   Həm sənə, həm də şənü şöhrətinə! 
   
   Bəzən də büsbütün Sabirsayağılıq edib “Gəl gedəlim duxana, piyan olub qalalım, 
   Qeyrət ilə namusu satıb içki alalım” deyən şair öz müdrik ağsaqqallığından da qalmır:
   
   Xalq ilə hər kəs necə rəftar edər, 
   Haqq onu ol dərdə giriftar edər.
   Yaxşılığa yaxşı “cəzalar” alar, 
   Pisliyə həm dürlü əzalar alar...
   
   Bu gözəl şairin özü də xalqı ilə rəftarının bəhrəsini görmədə; ogünlərdən bugünlərə bapbalaca bağça uşaqlarımızın, şagird və tələbələrimizin tədbirlərdə, ustad xanəndələrimizin ulu muğamlarda oxuduqları gözəl-gözəl şeirlərini deyirəm...
   
   Tahir Abbaslı