AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri: əsas istiqamətlər və perspektivlər” mövzusunda respublika tələbə elmi-nəzəri konfransı keçirilib. 
   Əlyazmalar İnstitutundan bildiriblər ki, tədbirdə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva rəhbərlik etdiyi qurumun təkcə sənətkarlıq yox, həm də nəzəri biliklər sahəsində elmi tədqiqatlar apardığını söyləyib. Ulu öndərin gənclərin mənəvi tərbiyəsinə xüsusi önəm verdiyini xatırladan rektor bu siyasətin ölkə Prezidenti tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
   ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru M.Əlizadə, filologiya elmləri doktoru N.Şəmsizadə, professor B.Xəlilov və başqaları tədbirin əhəmiyyətindən danışıblar.
   Konfrans işini “Azərbaycanşünaslığın fəlsəfi əsasları” və “Azərbaycan mədəniyyətinin müasir mərhələləri” bölmələri üzrə davam etdirib. Tədbirdə 10-dan çox ali təhsil müəssisəsinin tələbə və magistrantları məruzələrlə çıxış ediblər.
   Sonda gənc tədqiqatçılara diplom və sertifikatlar təqdim olunub.