Azərbaycanın beynəlxalq tədbirlərin təşkili təcrübəsindən, ölkəmizin mətbəx turizmi sahəsində imkanlarından söz açılıb
   
   18-21 may tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Turizm üzrə Şurasının növbəti iclası keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Araz Bağırlı təmsil ediblər. 
   Dövlət Ermitaj Muzeyində keçirilən iclası Rusiya mədəniyyət nazirinin müavini Alla Manilova açaraq ölkələr arasında turizm sahəsində əməkdaşlığın perspektivlərini, qanunvericilik təcrübələrinin qarşılıqlı öyrənilməsi zərurətini vurğulayıb, Rusiyada turizm qanunvericiliyinin təkmilləşdirilməsi üçün atılan addımlardan bəhs edib.
   İclasda çıxış edən Rafiq Bayramov təşkilatçılara öz minnətdarlığını bildirərək Azərbaycanda son illər turizm sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi, Milli Turizm Təbliğat Bürosunun və Turizm Şurasının yaradılması, “ASAN Viza” və s. layihələrin turizmin inkişafına müsbət təsirini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə qlobal miqyaslı tədbirlərin keçirilməsi və bu istiqamətdə Azərbaycanın təcrübəsi yüksək beynəlxalq standartlar formalaşdırır.
   MDB məkanında turizm əlaqələrinə də toxunan Rafiq Bayramov ölkələri birləşdirən turizm marşrutları və mətbəx turizmi haqqında danışıb, Rusiyadan olan turistlər üçün Azərbaycanın ilk beş ölkə arasında olduğunu bildirib.
   Rusiya mədəniyyət nazirinin müavini A.Manilova öz növbəsində qastronomik turizmə marağın böyük templərlə artdığını bildirərək Azərbaycan mətbəxinin zənginliyindən, həmçinin ölkəmizin Böyük İpək Yolu marşrutundakı önəmindən danışıb.
   Daha sonra çıxış edən MDB İcraiyyə Komitəsi sədrinin - icraçı katibinin müavini Konısbek Yusubbekov, Rusiya Federal Turizm Agentliyi rəhbərinin müavini Sergey Korneyev, Rusiya Etnoqrafik Muzeyinin direktoru Vladimir Qrusman, habelə müxtəlif ölkələrin nümayəndələri turizm sahəsində mövcud təcrübələrini və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün təkliflərini bölüşüblər. Çıxışlarda Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdən, ölkəmizin bu sahədə təcrübəsindən də söz açılıb.
   Tədbir iştirakçıları Sankt-Peterburqun görməli yerləri, turistik və tarixi-mədəni məkanları ilə də tanış olublar.