İstanbuldan başlayan tur 14 gün ərzində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanı əhatə edəcək
   
   Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) “Müasir İpək Yolu” turizm paketi layihəsinin həyata keçirilməsinə başlayıb. Aprel ayında layihənin ilk sınaq turuna start verilmişdi.
   Mayın 19-da Bakıda “Müasir İpək Yolu” layihəsi çərçivəsində təşkil olunan ikinci sınaq tur-aksiyası ilə əlaqədar mətbuat konfransı keçirildi. Tədbirdə layihə haqqında ətraflı məlumat verildi, eləcə də turun Azərbaycanla bağlı mərhələsindən bəhs edildi.
   Mətbuat konfransına “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirən 4 ölkənin (Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan) nümayəndələri, habelə Almaniya, Sinqapur və İrandan layihəni dəstəkləyən üzvlər qatılmışdı. Layihədə tərəfdaş qismində Azərbaycandan “Millenium Turizm”, “Atlas Travel” və “A la Carte Travel” şirkətləri iştirak edir.
   “A La Carte Travel” şirkətinin baş direktoru Nəsib Usubov çıxış edərək layihənin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, media mənsubları, Türk Şurası təmsilçiləri və hər ölkədən turizm şirkətlərinin nümayəndələrindən ibarət qrupun ilk sınaq turu aprelin 21-də başlayıb və ayın 27-də Bakıda sınaq turizm paketinin təqdimat mərasimi keçirilib. Mayın 12-dən Türkiyədən ikinci sınaq turu başlayıb və Azərbaycan mərhələsi mayın 18-də yekunlaşır. 
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov “Müasir İpək Yolu” turizm paketi layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihə türkdilli ölkələr arasında mədəni, turizm və iqtisadiyyat sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcək: “Nazirlik bu layihəyə gündəmə gələn vaxtdan öz dəstəyini verib və bundan sonra da onu dəstəkləməyə davam edəcək. Azərbaycan bu turizm paketindən istifadə edən turistlər üçün maraqlı məkandır. Bu layihə ilə ölkəmizin turizm imkanlarını, zəngin mədəniyyətini tanıtmaq və əlavə turist cəlb etmək imkanlarımız genişlənəcək”.
   Sektor müdiri onu da diqqətə çatdırdı ki, “Müasir İpək Yolu” turizm paketi layihəsi Azərbaycanın Gəncə, Naftalan, Şəki, Qəbələ və Bakı şəhərlərini əhatə edir. 
   Mətbuat konfransında çıxış edən Türk Şurasının nümayəndəsi Ceyhun Şahverdiyev bildirdi ki, turizm sahəsində əməkdaşlıq razılaşması 2014-cü ildə 4 ölkə - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentlərinin Bodrum zirvə görüşündə əldə olunub: “Bu layihə üzərində üç ilə yaxın müddətdə iş aparılıb. Dörd ölkə üzrə turun müddəti 14 gündür. Layihə gəlir əldə etməkdən daha çox bu ölkələrin dünyaya, bir-birlərinə tanıdılması, İpək Yolu xəttinin təbliği xarakteri daşıyır”. 
   C.Şahverdiyev vurğuladı ki, layihə çərçivəsində turizm və iqtisadiyyat sahəsində əməkdaşlıq artacaq. Tur İstanbuldan başlayır Azərbaycan, Qırğızıstana səfərlərdən sonra Qazaxıstanda bitir. 2023-cü ilə kimi 1 milyondan artıq turistin bu paketdən yararlanacağı nəzərdə tutulur. Bildirildi ki, marşrutun proqramı, saytının yaradılması, eləcə də tur paketlərin və beynəlxalq uçuşların uyğun tariflərinin formalaşması üzrə fikir mübadiləsi aparılıb. Marşrut çərçivəsində hər bir ölkə üzrə mədəni, tarixi dəyərləri, adət-ənənələri və digər turizm potensialını əhatə edən turlar təklif olunacaq.
   Mətbuat konfransında Türkiyə, Qazaxıstan, Qırğızıstandan olan nümayəndələrlə yanaşı, Almaniya, Sinqapur və İrandan olan iştirakçılar da layihənin əhəmiyyətini vurğuladılar. Layihənin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyəti qeyd olundu, onun uğurla həyata keçiriləcəyinə əminlik ifadə edildi.
   Qeyd edək ki, “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsi 2014-cü ilin aprelində Türk Şurası turizm nazirlərinin 1-ci toplantısında gündəmə gəlib, bununla bağlı işçi qrupu yaradılıb. Həmin ilin iyununda Türk Şurasının Türkiyənin Bodrum şəhərində keçirilən zirvə toplantısında prezidentlər səviyyəsində layihəyə dəstək verilib. Türkdilli dövlətlərin turizm nazirlərinin ötən il Azərbaycanda keçirilən 2-ci iclasında bununla bağlı müzakirələr də aparılıb.
   
   Fariz Hüseynov