Bakıda Misirin və Türkiyənin mədəniyyət günləri təşkil olundu
   
   IV İslam Həmrəyliyi Oyunları müddətində Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu tərəfindən paytaxtın Sabir bağında iştirakçı ölkələrin mədəniyyət günləri təşkil edildi.
   Mayın 19-da keçirilən növbəti tədbir Misir mədəniyyətinə həsr olunmuşdu. Milli Turizm Təbliğat Bürosu və Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən mədəniyyət günü şəhər sakinlərinin və qonaqların böyük marağına səbəb oldu.
   Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi qurumun həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verdi, iki ölkə arasında birgə mədəni tədbirlərin təşkili, bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlardan danışdı. Qeyd etdi ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın İslam dünyasında nə qədər mühüm rol oynadığını göstərir.
   Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə çıxış edərək tədbirin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, məqsəd qədim sivilizasiyaların vətəni olan Azərbaycan və Misirin islam həmrəyliyində yerini, daşıdıqları önəmi nümayiş etdirməkdir.
   Tədbir çərçivəsində Misirin müxtəlif muzey eksponatları, sənətkarların əl işləri, milli mətbəxi təqdim olundu. Bu ölkənin mədəniyyətindən bəhs edən viktorinalar keçirildi, fərqlənənlərə hədiyyələr verildi. Mərasim Misir incəsənət ustalarının konsert proqramı ilə davam etdi.
   * * *
   Mayın 20-21-də isə Sabir bağında Türkiyə Cümhuriyyətinin mədəniyyət günü gerçəkləşdi. Milli Turizm Təbliğat Bürosunun Türkiyənin ölkəmizdəki səfirliyi ilə birgə düzənlədiyi tədbirlərə İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstəyi ilə qardaş ölkədən 100 nəfərdən çox sənətçi qatılmışdı.
   İki gün ərzində səhərdən axşam saatlarınadək davam edən tədbirlərdə bir-birindən maraqlı konsert proqramları təqdim olundu, dulusçuluq, ebru sənəti, hüsnxət, naxış-telqırma-telsarıma, sədəf və digər əl işləri sənəti ustaları öz məharətlərini nümayiş etdirdilər. 
   Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları, türkiyəli yazıçı və şairlərin Azərbaycanda çap olunmuş əsərləri sərgilənirdi. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri və video-çarxlar nümayiş olunurdu.
   Tədbirin açılış mərasimində çıxış edən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev IV İslam Həmrəyliyi Oyunları günlərində rəhbərlik etdiyi qurum tərəfindən reallaşdırılan layihələrdən söz açdı. Qeyd etdi ki, İslamiada çərçivəsində bu günədək Sabir bağında İran, İndoneziya, Malayziya və Misirin mədəniyyət günləri keçirilib. Bildirdi ki, şəhərimizin sakinləri və qonaqları iki gün ərzində Türkiyənin muzey eksponatları, sənətkarların əl işləri, milli mətbəxi ilə tanış olmaq imkanı qazanıblar. Tədbirlərə həm yerli sakinlər, həm də şəhərimizin qonaqları tərəfindən böyük maraq var. 
   Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışaraq vurğuladı ki, iki ölkə arasında bütün sahələrdə mövcud tərəfdaşlıq əlaqələri birlik və bərabərliyin göstəricisidir: “Biz digər sahələrdə olduğu kimi, idman və mədəniyyət sahəsində də həmrəyik. Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Biz iki dövlət olsaq da, bir millətik. Hər zaman birlik və bərabərliyimiz davam edəcək”.
   Türkiyənin IV İslam Həmrəyliyi Oyunlarına ən böyük idmançı heyəti ilə gəldiyini deyən səfir mədəniyyət günlərinə qatılan ən böyük sənətçi qrupunun da məhz Türkiyədən olduğunu vurğuladı. Bildirdi ki, bu da Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlığın, həmrəyliyin göstəricisidir. Diplomat ikigünlük proqramın hazırlanmasında əməyi olan hər kəsə təşəkkür etdi.
   Türkiyənin mədəniyyət günü çərçivəsində tədbirlərə böyük maraq vardı. Tədbirin ilk günü yağan yağış da konsert proqramına qatılanların sayına təsir etməmişdi.
   Konsertdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, tarixi Mehtaran ansamblı, türk xalq musiqisi ifaçılarından Volkan Gözüböyük, Meltem Seyfelioğlu, eləcə də Günay Şimşek, Yıldız Çam Özdemir kimi sənətçilər çıxış etdilər. Qonaqlar və tədbirə qatılan iştirakçılar Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandırır və çıxışları coşqu ilə qarşılayırdılar. Mehtaran ansamblının İçərişəhərin qala divarları yanından marş söyləyərək reallaşdırdığı keçid tamaşaçıların böyük alqışlarına səbəb oldu.
   Tədbirin xüsusi qonaqlarından Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər də Bakı sakinlərini və ölkəmizin qonaqlarını öz musiqiləri ilə sevindirdilər. 
   Türkiyənin məşhur vokal sənətçiləri - tenor Emrah Sözer və soprano Aslı Kıyıcı ayrı-ayrı operalardan parçalar təqdim etdilər.
   
   Fariz Hüseynov