“Azərbaycanlı turistlərin Türkiyəyə, türkiyəli turistlərin Azərbaycana səfərində heç bir problem yoxdur. İki ölkənin mədəniyyətlərinin, mətbəxlərinin yaxın olması da bunda mühüm rol oynayır”.
   Bu barədə Antalyada keçirilən I Dünya Media Forumunun panel iclasında azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı deyib (APA). 
   Nazir deyib ki, Türkiyə turizm sahəsində təcrübəsini hər zaman Azərbaycanla bölüşməyə çalışır. Əgər Azərbaycanın hansısa ölkədə tanıtma bürosu yoxdursa, Türkiyənin həmin ölkədəki tanıtma büroları həm də Azərbaycanın tanıtma büroları kimi fəaliyyət göstərir. 
   Son vaxtlar ərəb turistlərin Azərbaycana marağının artdığını deyən N.Avcı bildirib ki, Azərbaycan da Türkiyə kimi turizmdə ərəb bazarını yeni kəşf edir: “Bu baxımdan Türkiyə öz təcrübəsini hər zaman Azərbaycanla bölüşür”.
   N.Avcı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakıda keçirilən Türkiyənin mədəniyyət günündən də söz açıb: “Orada digər ölkələrə bir gün, amma Türkiyəyə iki gün ayrılmışdı. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin yüksək göstəricisidir”.