Beynəlxalq muzeylər günü ənənəvi “açıq qapı” aksiyası ilə qeyd olundu
   
   18 may - Beynəlxalq muzeylər günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə 3 gün (18-20 may) müddətində “açıq qapı” elan edilmişdi. 
   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən muzeylərdə ənənəvi “açıq qapı” aksiyasına maraq xüsusilə böyük idi. UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş məkana baş çəkərkən biz də bunun şahidi olduq.
   Qoruq ərazisində səhər saatlarından çoxlu sayda şəhər sakini, eləcə də əcnəbi qonaqlar vardı. IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxtımıza gələn turistlər də bu aksiyadan yararlanırdılar.
   Şəhər sakini Vahid Talıbov İçərişəhərdəki tarixi məkanlara, muzeylərə hər zaman böyük maraq olduğunu deyir: “Muzeyləri, tarixi abidələri ziyarət etmək insanda xoş təəssürat oyadır. Ölkəmizin tarixi, mədəniyyəti ilə yaxından tanış oluruq”.
   İraq vətəndaşı Yusif Səid dünyanın müxtəlif ölkələrində olduğunu deyir: “Mən çox ölkədə olmuşam. Amma burada gördüyüm mənzərədən çox şadam. İçərişəhər tarixi bir məkan kimi olduqca heyrətamizdir”.
   Ukraynadan İrina Şarapinka ölkəmizə ilk dəfə gəldiyini deyir: “Bu ölkənin mədəniyyəti, milli geyimləri, musiqiləri çox gözəldir. Tarixi yerlər, muzeylərlə də tanış olduq. İçərişəhər tarixin bir parçasıdır”.
   “Açıq qapı” aksiyasına çoxlu sayda orta məktəb kollektivləri də qatılmışdı. Bakı məktəblərinin birində çalışan Gülnarə Ağayeva “açıq qapı” gününün təşkil olunmasını əlamətdar hadisə kimi qiymətləndirir: “Bu gün şagirdlərimizi muzeylərlə tanış olmaq üçün gətirmişik. İçərişəhərlə yanaşı, Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyində də olduq. İstərdik ki, belə aksiyalar tez-tez keçirilsin”. 
   * * *
   Muzey Mərkəzində yerləşən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, həmçinin daima qonaq-qaralı olan Azərbaycan Milli İncəsənət Muzeyi də üç gün müddətində “açıq qapı” elan etmişdi. 
   Teatr Muzeyində IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “İslam - Azərbaycan teatr mədəniyyəti kontekstində” adlı sərgi təşkil edilmişdi. Sərgidə teatr rəssamlarımızın tamaşalara çəkdikləri geyimlərin eskizləri yer almışdı.
   İstiqlal Muzeyini ziyarət edənlər arasında şagirdlər, tələbələr, yerli vətəndaşlarla yanaşı, xarici turistlərə də rast gəlmək mümkün idi. Burada eksponatlar haqqında ziyarətçilərə müvafiq olaraq Azərbaycan, rus və ingilis dillərində məlumat verilirdi.
   Musiqi Mədəniyyəti Dövlət Muzeyində IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “İslam dünyasının musiqi alətləri” sərgisi, həmçinin musiqi məktəbləri şagirdlərinin konserti də ziyarətçilərin marağına səbəb olmuşdu.
   Muzey Mərkəzinin sərgi qalereyasında təqdim olunan rəsm əsərlərinin də öz həvəskarları var. Rənglərlə danışmaq istəyənlər sirli aləmə baş vurmaq, rəssam fırçasından yaranan sehrli dünyanı seyr etmək üçün buraya üz tutmuşdular. 
   Milli İncəsənət Muzeyində də ziyarətçilərin sayı çox idi. Gənclər eksponatlarla bağlı təəssüratlarını bölüşür, fikir mübadiləsi aparırdılar. 
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Asif Quliyev müxtəlif dövrləri əhatə edən sənət nümunələri ilə tanış olmağın vacib olduğunu bildirirdi, “açıq qapı” günlərinin təşkilinə görə minnətdarlıq etdi. Bakı şəhəri 7 nömrəli orta məktəbin şagirdləri ilə söhbətimiz zamanı bildirdilər ki, tarix dərsliklərindən oxuduqlarını əyani şəkildə görmək onlar üçün çox xoşdur.
   Ukraynalı turist Anastasiya Redko da muzeylərimizi, o cümlədən Atəşgah məbədini, Şirvanşahlar Sarayı Kompleksini ziyarət etdiyini söylədi. Həmsöhbətim Azərbaycanın tarixi və mədəni irsinin onda böyük maraq yaratdığını bildirdi.
   
   Fariz Hüseynov 
   Lalə Azəri