Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə əsasən, Beynəlxalq muzeylər günü münasibətilə respublikanın muzey və mədəniyyət qoruqlarında 18-20 may tarixində “açıq qapı” aksiyası keçirilib, tədbirlər təşkil olunub.
   
   Əlamətdar gün İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan müəssisələrdə də qeyd olunub. İsmayıllıdakı Heydər Əliyev Mərkəzini ziyarət edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, məktəb şagirdləri ekspozisiya zalı, buradakı sərgilərlə tanış olublar. 
   Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa təşkil edilib. Sonra açıq səma altında sərgilənən daş abidələrə baxış keçirilib. Şamaxıdakı Heydər Əliyev Mərkəzi, Mirzə Ələkbər Sabirin ev-muzeyində də tədbirlər keçirilib, Tarix-diyarşünaslıq muzeyinə Qobustan rayonu Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ekskursiyası təşkil edilib. Ağsu rayon məktəblərinin şagird və müəllimləri Tarix-diyarşünaslıq muzeyini ziyarət ediblər.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki muzeylərdə də tədbirlər keçirilib. Bərdə Tarix-Diyarşünaslıq Muzeyində "Tariximizi qoruyaq" adlı tədbirdə muzeyin direktor əvəzi Mehriban Əliyeva, idarənin rayon üzrə nümayəndəsi Validə Nabatova çıxış edib, şəhər 1 nömrəli uşaq incəsənət, 5 və 6 nömrəli tam orta məktəblərin şagirdləri bədii kompozisiyalar nümayiş etdiriblər.
   Mingəçevir Tarix Muzeyində IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Muzeyin direktoru Nofər Məmmədəliyev, idarənin şəhər nümayəndəsi Şəlalə Sadəddinova çıxış ediblər, bir qrup muzey əməkdaşına fəxri fərmanlar təqdim edilib. 
   Tərtər rayon nümayəndəliyində “Muzeylər bizim keçmişimizdir” mövzusunda sərgi, Yevlax şəhər nümayəndəliyində "Tariximizə böyük məhəbbətlə" adlı tədbir təşkil olunub. 
   * * *
   Samux rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Muzeylərdəki tarix və müasir gənclər” mövzusuna həsr olunub. Tədbirdə “Muzeylər və müasir tarix”, “Mədəni irsin təbliğində gənclərin rolu” və s. mövzularda çıxışlar dinlənilib.
   * * *
   Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “açıq qapı” aksiyası çərçivəsində rayon sakinlərinin, məktəblilərin ekskursiyaları təşkil olunub. Mərkəzin direktoru Reyhanə Sadıqova ziyarətçilərə ekspozisiyalar barədə məlumat verib. “Muzeylər sərvətimizdir” mövzusunda məruzə oxunub, videoçarx nümayiş etdirilib.
   * * *
   Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnək üzvlərinin və şəhər ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib. Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyi üzvlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.