F.Köçərli adına Respublika Uşaq Kitabxanası mayın 22-də Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində tədbir keçirib. Kitabxanadan verilən məlumata görə, tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə “Palitra Art Studiyası”nın balaca rəssamları iştirak edib.
   Mərkəzin direktoru Əhməd Sami Əl-Aydi “İslam həmrəyliyi ili” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışıb və balacaları Misir mədəniyyəti ilə tanış olmaq üçün videoslayda baxmağa dəvət edib.
   Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova insanın şəxsiyyət kimi formalaşmasında mütaliənin rolunu yüksək qiymətləndirib. Bildirib ki, tədbirin məqsədi ecazkar Misir nağılları haqqında nəşr olunacaq kitaba illüstrasiyalar çəkəcək balaca rəssamların bu ölkənin mədəniyyəti ilə daha yaxından tanışlığına şərait yaratmaqdır.
   Balacalar eksponatlarla və kitabxana ilə tanış olublar. Hər bir iştirakçıya Misir haqqında kitabçalar, xəritələr təqdim edilib.
   Sonda F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə kitablar hədiyyə olunub.