Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY türk cümhuriyyətlərinin müstəqilliklərinin 25 illiyi münasibətilə xüsusi medallar təsis edib. 
   Mayın 25-də qurumun Ankaradakı baş qərargahında medallar öz sahiblərinə təqdim edildi. Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, təşkilata üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Ankaradakı səfirləri iştirak edirdi.
   Tədbiri baş katib Düsen Kaseinov açaraq təqdim edilən medalların mənəvi dəyərindən bəhs etdi: “Bu gün mənəvi dəyəri bizlər üçün çox böyük olan, qiymətli bir hədiyyəni sizlərə təqdim etmək üçün bir araya gəlmişik. Ötən il türk respublikalarının müstəqilliklərinin 25 illiyini coşğuyla qeyd etdik. Bu salona toplaşan insanların çoxu yaşadığımız sevinci bizimlə paylaşaraq, hədəf və ideallarımızda bizimlə birgə olduğunu göstərdilər. Bu dəstəyə görə türk dünyasının birliyi, türk mədəniyyətinin yüksəlməsi üçün səy göstərən, həyatını millətinə və insanlığa xidmətə həsr etmiş sizlərə təşəkkür edirik”.
   D.Kaseinov qeyd etdi ki, TÜRKSOY olaraq elə də geniş olmayan imkanlarımızla tədbirlərimizi həyata keçirməyimizə baxmayaraq, ortaq mədəniyyətimizə könül vermiş qiymətli müəllimlərimiz, sənətçılərımız, ziyalılarımız, iş adamlarımız, diplomatlarımız sayəsində heç bir əskiklik hiss etmirik: “Bunu rahatlıqla söyləyə bilərəm ki, bu gün sizlərə təqdim edəcəyimiz təşəkkür mahiyyətindəki medallarımız eyni zamanda TÜRKSOY-un açarıdır”. 
   Sonra medallar Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Ankaradakı səfirlərinə, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçuya, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslana, “TRT Avaz” kanalının baş koordinatoru Murat Akkoça təqdim edildi. Həmçinin Qazaxıstan və Qırğızıstanın müvafiq nazirliklərinin reallaşdırdığı layihələrə verdikləri dəstəyə görə Qırğızıstan Mədəniyyət və İdman Nazirliyi tərəfindən Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi adından Azərbaycan sənətçiləri - TRT Radio xorunun dirijoru Elnarə Kərimova və rejissor Cahangir Novruzov medallarla təltif olundu.
   
   Mehparə Sultanova
   Ankara