Mayın 24-də Azərbaycanın Türkiyədəki səfirliyində 28 May - Respublika Gününə həsr olunmuş mərasim keçirildi. 
   Bayram tədbirində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Xalq artisti Azərin, Ankaradakı xarici diplomatik korpusun nümayəndələri iştirak edirdi. 
   Tədbirdə həmçinin Türkiyə və Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü də qeyd olundu. 
   Mərasimdə açılış nitqi ilə çıxış edən səfir Faiq Bağırov Azərbaycanın müstəqillik tarixinə toxundu və bildirdi ki, bu yolda ortaya çətinliklər çıxsa da, yürüdülən uğurlu siyasət nəticəsində bunun öhdəsindən gəlmək mümkün olub. Səfir həmçinin son illər ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə, idman oyunlarına uğurla evsahibliyi etməsini də qonaqların diqqətinə çatdırdı: “Ölkəmiz Dünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər tədbirlərin mərkəzinə çevrilib. Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, Formula 1 Avropa Qran-piri yarışlarına ev sahibliyi edib. Bu günlərdə isə IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə keçdi”.
   F.Bağırov bildirdi ki, bu ilin 14 yanvarında Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulması ilə bağlı anlaşmanın imzalanmasının 25 ili tamam oldu. Keçən müddətdə iki dövlət bir sıra layihələrə imza atıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Türkiyə hökumətinin beynəlxalq arenada sərgilədiyi mövqe də gerçək birlik və tərəfdaşlığın nümunəsidir. 
   Mərasim zamanı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan və səfir Faiq Bağırov TÜRKSOY tərəfindən “Mədəniyyət” medalı ilə təltif edildi.
   Tədbirdə çıxış edən Əhməd Arslan Türkiyə və Azərbaycan arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışdı. Vurğuladı ki, nəqliyyat sektorunda strateji layihələrdən ən mühümü bu il açılışı keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yoludur.
   Çıxışlar bitdikdən sonra tədbirin bədii hissəsi Xalq artisti Azərinin konserti ilə davam etdirildi. Qonaqların iştirakı ilə milli rəqslərimiz ifa edildi, üzərində Azərbaycan və Türkiyənin bayraqlarının təsviri olan bayram tortu kəsildi.
   
   Mehparə Sultanova
   Ankara