Mayın 25-də “İdrak” liseyində Azərbaycan İstiqlal Muzeyinin və tədris ocağının birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş tədbir-sərgi keçirildi. 
   Tədbiri liseyin tarix müəllimi Nəsib Rzayev açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdi.
   İstiqlal Muzeyinin əməkdaşları Gülay Ramazanova, Arzu Quliyeva Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti, hökuməti, parlamenti haqqında məlumat verdilər, birinci respublikamızın qısa və çətin bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq təhsil, mədəniyyət, ordu və digər sahələrdə əldə etdiyi uğurlardan söz açdılar. Tamaşaçılara “Əbədi ezamiyyət” adlı sənədli film təqdim olundu.
   Liseydə təşkil olunan sərgidə muzeyin fondundan Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən fotolar nümayiş olundu. 
   Tədbirin sonunda İstiqlal Muzeyinin əməkdaşları tərəfindən “İdrak” liseyinin şagirdlərinin iştirakı ilə viktorina keçirildi.