Mayın 24-də Heydər Əliyev Sarayında Çingiz Mehdipurun rəhbərliyi ilə “Dalğa” aşıqlar qrupunun “Qarabağ dərdi” adlı konserti olub. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə təşkil edilib.
   Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edərək bildirib ki, 1990-cı ildə yaranan “Dalğa” qrupunun 30 ilə yaxındır səsi-sorağı dünyanın hər yerindən gəlir. Bu qrup bütün Avropa ölkələrini, Yaponiyanı, Çini, türk dövlətlərini gəzib-dolaşıb və hər zaman Azərbaycan sazını, sözünü uca tutub. “Dalğa” qrupunun yarandığı gündən dəfələrlə konsertlər verdiyini söyləyən M.Qasımlı vurğulayıb ki, bugünkü konsert qrupun Heydər Əliyev Sarayında ikinci çıxışıdır. Təqribən 9 il əvvəl də qrupun bu səhnədə möhtəşəm konserti olub.
   Məhərrəm Qasımlı deyib ki, bu gün “Dalğa” qrupu Bakıda yeni konsertini təqdim edəcək. Konsertin səciyyəvi cəhəti ondan ibarətdir ki, ilk dəfə o taylı - bu taylı aşıqlarımız qoşa qanad şəklində “Dalğa”nın nəfəsini, səsini tamaşaçılara çatdıracaq. 
   Bu gün Azərbaycan ilə İran İslam Respublikası arasında xoş mədəni münasibətlərin, əlaqələrin olduğunu vurğulayan M.Qasımlı bildirib ki, bu konsert bir daha xalqlarımız arasında mövcud körpüləri gücləndirməyə, sazımızın, sözümüzün səsini daha aydın şəkildə çatdırmağa imkan verir.
   Aşıqlar Birliyinin sədri deyib: “Çingiz Mehdipur “Dalğa” qrupu ilə məşhur olub və nəfəs alır. O, bu qrupun daim zənginləşməsi, yeni repertuara sahib olması üçün əlindən gələni əsirgəmir. Bu gün onlarla Təbriz aşıqları göstərmək olar ki, onlar məhz “Dalğa” qrupunun sayəsində tanınıb. “Dalğa” qrupu Azərbaycan aşıq sənətini, saz sənətini yeni keyfiyyətdə və məzmunda tanıdıb”.
   Diqqətə çatdırılıb ki, Aşıqlar Birliyi neçə aydır ki, bu layihənin gerçəkləşməsi üçün Çingiz Mehdipura hər cür şərait yaradıb. Konsertin məqsədi Qarabağ dərdimizin bir daha diqqət önündə saxlanılması, Azərbaycan aşığının Qarabağ nəfəsi, havası ilə köklü olduğunu göstərməkdir.
   Əməkdar elm xadimi, akademik Nizami Cəfərov deyib ki, konsertin bir mühüm cəhəti odur ki, qrup Azərbaycanın bütöv aşıq sənətini bütün mükəmməlliyi ilə nümayiş etdirir. Digər mühüm cəhəti isə Qarabağ dərdimizə həsr olunmasıdır.
   O da qeyd olunub ki, Ç.Mehdipurun “Saz məktəbi” adlı kitabı Azərbaycan Milli Konservatoriyasında tədris olunur.
   Sonra səhnəyə dəvət olunun “Dalğa” qrupunun üzvləri geniş konsert proqramı ilə çıxış ediblər. Konsertdə qrupun üzvləri ilə yanaşı, Azərbaycan aşıqları və müğənnilərinin çıxışı da gecəyə xüsusi rəng qatıb.