Moskvada doğulub boya-başa çatmış soydaşımız, tanınmış teatr və kino aktyoru, Rusiyanın və Azərbaycanın Əməkdar artisti Timur Bədəlbəyli 25 ildən bəri çalışdığı Taqanka Teatrında ilk dəfə özünü quruluşçu rejissor kimi sınayıb.
   Mayın 25-də onun quruluş verdiyi «Cəngavərlik dövründən səhnələr» adlanan tamaşa ilk dəfə oynanılıb. Bu, bir növ müəllif tamaşasıdır. A.S.Puşkin və C.Bayronun əsərləri əsasında kompozisiya və səhnəqrafiyanın müəllifi də Timur Bədəlbəylidir. O, ilk rejissorluq işi üçün etdiyi seçim barədə Rusiya mətbuatına verdiyi açıqlamalarda belə deyib: “Taqanka Teatrı dəfələrlə Puşkinin irsinə müraciət edib. Puşkin əsərləri zamana sığmayan əbədi müəlliflərdəndir. «Cəngavərlik dövründən səhnələr» onun son və az tanınan dram əsəridir. Tədqiqatçılar hələ də bu əsərin bitdiyi və ya yarımçıq qaldığına dair mübahisə edirlər. Müəllif hətta öz əsərinə ad da qoymamışdı, bu missiyanı naşirlər yerinə yetiriblər».
   Tamaşaya C.Bayronun poeziyasından, A.S.Puşkinin «Su pərisi» poemasından seçmə nümunələr daxil edilib. 
   Timur Bədəlbəyli ilk tamaşasını bu il 100 yaşı qeyd edilən sənət müəllimi, dünya şöhrətli teatr rejissoru Yuri Lyubimovun (1917-2014) xatirəsinə həsr edib: «Yuri Petroviç davamlı ustad dərsləri keçməyib, öz rejissor laboratoriyasını təşkil etməyib, amma bunlar o demək deyil ki, onun nəhəng yaradıcı irsi (təkcə tamaşaları yox, həm də tamaşa qurmaq prinsipləri) unudulmalıdır. Mən Lyubimovun yaratdığı bizim teatrın üslub və estetikasını dərhal fərqləndirən həmin səslənişi tapmaq niyyətindəyəm. Əgər həmin səsləniş eşidilərsə, bu, dahi rejissorun xatirəsinə layiq tamaşa olacaq».
   
   Gülcahan