Azərbaycan
    
   27 may 1906 - Xalq artisti, rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.
   27 may 1926 - Xalq şairi, nasir Söhrab Tahiri (Söhrab Əbülfəz oğlu Tahiri; 1926 - 4.5.2016) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına gəlib. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.
   27 may 1956 - Xalq şairi, dramaturq Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. 20-dən çox poemanın ("Muğan", "Aygün", “Komsomol poeması”, “Zəncinin arzuları” və s.), "Vaqif", "Fərhad və Şirin" və s. mənzum dramların, dillər əzbəri olan onlarla şeirin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
   27 may 1992 - Azərbaycan Parlamenti (Milli Şura) Dövlət himni haqqında qanun qəbul edib. Musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus "Azərbaycan marşı" (1919) Dövlət himni kimi təsdiq edilib. 
    
   28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə həmin vaxt Batumda Osmanlı heyəti ilə müstəqilliyimizin dəstəklənməsi ilə bağlı danışıqlar aparırdı. Şuranın iclasına Əhməd bəy Ağayev sədrlik etmişdi. İclasda «İstiqlal Bəyannaməsi» qəbul edilib, Fətəli xan Xoyskinin başçılığı ilə ilk milli hökumət qurulub. Milli hökumət iyunun 16-dək Tiflisdə fəaliyyət göstərdi, sonra Gəncəyə, sentyabrın 17-də isə Bakıya köçdü.
   28 may 1927 - Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (1927 - 8.9.2015) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Ustad ifaçılığı ilə yanaşı, bir neçə mahnının müəllifidir. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib. “Şöhrət" və “İstiqlal” ordenlərinə layiq görülüb.
   28 may 1947 - Görkəmli bəstəkar, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. "Vətən haqqında nəğmələr" oratoriyası, “İntizar”, “Sənin adın dənizdir” operaları, "Boş beşik" baleti və s. əsərlərin müəllifidir. 2007-ci ildən Azərbaycan Bəstəkar İttifaqının sədridir.
   28 may 1955 - Filologiya elmləri doktoru, akademik Muxtar Kazım oğlu İmanov anadan olub. AMEA-nın Folklor İnstitutunun direktoru, İctimai Televiziya və Radio Yayımları Şurasının sədridir.
   28 may 2002 -"İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" fərman verilib.
   
   29 may 1946 - Aktyor, rəssam Elçin Məmmədov (1946 - 18.2.2001) anadan olub. “Yeddi oğul istərəm” (Mirpaşa), “Dədə Qorqud” (Qaraca çoban), “Dantenin yubileyi” (Səyavuş) və s. filmlərdə çəkilib. Teatr tamaşalarına səhnə tərtibatı verib.
   
   30 may 1862 - Böyük satirik şair Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri «Hophopnamə» (1912) adlı topluda nəşr olunub.
   30 may 1929 - Xalq artisti, baletmeyster Maqsud Davud oğlu Məmmədov Gəncədə anadan olub. İlk azərbaycanlı balet artistidir. Həyat yoldaşı, Xalq artisti Rəfiqə Axundova ilə birgə baletlərə, “Dədə Qorqud”, “Qərib cinlər diyarında” filmlərində rəqslərə quruluş verib.
   30 may 1930 - Şair, publisist Fikrət Abbas oğlu Sadıq (1930 - 16.11.2016) Şamaxı şəhərində doğulub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli filmlərin ssenarilərinin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Göydə nə var”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.
   30 may 1954 - Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən çalışdığı Milli Dram Teatrının səhnəsində yaddaqalan rollar oynayıb. “Tütək səsi”, “Tənha narın nağılı”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib.
   30 may 1967 - Aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910 - 1967) vəfat edib. “Arşın mal alan” (1945), “Fətəli xan”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Kölgələr sürünür” filminə quruluş (Şüa Şeyxovla birgə) verib. 
   
   Dünya
    
   27 may 1922 - Amerika aktyoru Kristofer Li (Christopher Frank Carandini Lee; 1922-2015) anadan olub. 260-dan çox filmdə rol almış aktyor kimi adı “Ginnesin rekordlar kitabı”na düşüb. 
   27 may 1956 - İtaliya rejissoru Güzeppe Tornatore (Giuseppe Tornatore) anadan olub. Filmləri: “Yeni kinoteatr “Paradiso” (“Oskar” laureatı), “Malena” və s. 
   
   28 may 1779 - İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.
   28 may 1908 - İngilis yazıçısı, Ceyms Bond haqqında romanların müəllifi Yan Lankaster Fleminq (Ian Lancaster Fleming; 1908-1964) anadan olub.
   28 may 1934 - Məşhur gürcü aktrisası Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib. 
   
   29 may 1489 - Türk memarlıq tarixinin ən məşhur simalarından olan memar Sinan (Sinanəddin Yusif-Əbdülmannan oğlu Sinan; 1489-1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir.
   29 may 1874 - İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton: 1874-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Dünyayaqf nə olub?”, “Şar və xaç”, “Uçan meyxana” və s.
   29 may 1953 - Tanınmış aktyor, Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953 - 3.1.2008) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı”, “Günah. Ehtirasın tarixi” və s. 
   
   30 may 1778 - Fransız yazıçı-dramaturqu, şair, mütəfəkkir və tarixçi Volter (əsl adı Fransua-Mari Arue, 21.11.1694-1778) vəfat edib. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s. 
   30 may 1937 - Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. L.Qaydayın komediyalarında («Qafqaz əsiri», «I əməliyyatı») Şurik rolu ilə şöhrət qazanıb. Digər filmləri: “İvan Vasilyeviç peşəsini dəyişir”, “Dima Qorinin karyerası” və s.
   
   Hazırladı: Vüqar Orxan