Mayın 24-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə M.Ə.Sabir adına kitabxanada “Hophopnamə” kitabının təqdimatı olub.
   Kitabxananın direktoru Gülşən Abbasova şairin yaradıcılığından, zəngin irsindən söz açıb. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəfis tərtibatla nəşr edilmiş “Hophopnamə” Azərbaycanın zəngin mədəniyyət nümunələrinin gənc nəslə çatdırılması işinə qiymətli töhfələrdən biridir.
   Nəşrdə yer alan illüstrasiyaların müəllifi Xalq rəssamı Arif Hüseynovdur. O, Sabirin satiralarına silsilə illüstrasiyalar çəkən ikinci rəssamdır. XX əsrin əvvəllərində Əzim Əzimzadə “Molla Nəsrəddin” jurnalı üçün Sabirin satiralarının motivləri əsasında karikaturalar çəkib. Onların da bəziləri kitaba daxil edilib.
   Xalq rəssamı Arif Hüseynov kitabda yer alan illüstrasiyalar haqqında məlumat verib. Qeyd edib ki, ağ-qara rəngdə işlənmiş qravürlər böyük şairin əsərlərinin məzmunu, satirik istiqaməti haqqında oxucuda dolğun təsəvvür yaradır.
   Tədbirdə gənc şairlər M.Ə.Sabir poeziyasının təsiri altında yazdıqları əsərlərini oxuyublar.