XX əsrin ən məşhur amerikalı musiqiçisi Elvis Preslinin (1935-1977) şəxsi təyyarəsi hərraca çıxarılıb. 
   “Rok-n-roll kralı” eyni zamanda dövrünün ən zəngin ifaçılarından idi, çoxlu sayda lüks avtomobilləri, şəxsi təyyarələri vardı. Elvis Preslinin aviaparkına daxil olan 1962-ci il istehsalı “Lockheed JetStar” təyyarəsinin interyerinin düzəldilməsində musiqiçi şəxsən iştirak edib. Hazırda təyyarənin mühərriki olmadığı üçün təmirə ehtiyacı var.
   Təyyarə uzun illərdir Rozuelldə (Nyu-Meksiko) yerləşən kiçik aeroportda saxlanılırdı. Məlumata görə, təyyarə özəl mülkdə saxlanıldığından ora çox nadir hallarda ekskursiya təşkil olunurdu. 
   Təyyarənin satışı ilə bağlı hərrac mayın 27-də Kaliforniyada keçiriləcək. Lot 2-3,5 milyon dollar məbləğində qiymətləndirilir. 
   Bir qədər əvvəl Presliyə məxsus at nalı şəklində olan brilyant sancaq ABŞ auksionunda 204,8 min dollara satılmışdı.    

  İlona