Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türk Tarix Qurumu və TİKA-nın (Türk İşbirliyi və İnkişaf Agentliyi) dəstəyi ilə “Böyük çöl” II Beynəlxalq humanitar forumu keçirilib. Müxtəlif ölkələrdən 300-ə yaxın alim və tədqiqatçının qatıldığı tədbirdə Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunub.
   Açılış mərasimində çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali forumun əsas məqsədinin türk dünyasının mədəni dəyərlərinin bəşəriyyətin inkişafında yeri və rolunu müzakirə etmək, mütəxəssisləri bir araya gətirərək elmi əməkdaşlığı və informasiya mübadiləsini gücləndirmək olduğunu bildirib.
   Tədbirdə türkologiyanın inkişafı və türkdilli dövlətlər arasında elmi inteqrasiyanın inkişafında xidmətlərinə görə Tatarıstanın və Rusiyanın nüfuzlu elm xadimi Mirfatih Zəkiyev, Qazaxıstanın elm və dövlət xadimi Mirzatay Joldasbekov Türk Akademiyasının “Qızıl medal”ı ilə təltif olunublar.
   Forum daha sonra müxtəlif panellər üzrə işini davam etdirib. “Mənəvi oyanışın yolları”, “Elmi inteqrasiya və ortaq dəyərlər”, “Tarixi yaddaş və gələcəyə baxış”, “Türk ədəbiyyat ənənələri və müasir durum”, “Türk dillərinin tədqiqi, qorunması və təbliği” kimi bölmələrdə müzakirələr aparılıb.
   AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Mifoloji düşüncədə içtərəfli qarşılaşdırma və bədii ədəbiyyatda obrazın ikiləşməsi problemi”, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Müstəqillik illərində Azərbaycan-qazax ədəbi əlaqələri”, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin (MEMM) direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin “Türkdilli dövlətlərin mədəni siyasətində dəyərlərin üstünlüyü” mövzusunda məruzələri dinlənilib.
   Qeyd edək ki, Astanada Beynəlxalq Türk Akademiyası ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi MEMM-in direktoru Asif Usubəliyev və Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali imzalayıb. 
   Forum əsnasında Astanada Beynəlxalq Türk Akademiyasının nəzdində Türkologiya Muzeyinin açılış mərasimi də keçirilib. Türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın istifadə etdiyi şəxsi əşyaları, indiyədək nəşr olunmayan gündəlikləri və əlyazmaları sərgilənir. Tədbirə Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan və Monqolustandan gələn elm adamları qatılıblar.
   Darxan Kıdırali diqqətə çatdırıb ki, 2009-cu ildə türk dövlət başçılarının Naxçıvanda keçirilən sammitində Beynəlxalq Türk Akademiyasının yaradılması barədə qərar qəbul olunarkən onun nəzdində kitabxana və muzeyin açılması da tövsiyə olunmuşdu: “Bu gün Türkologiya Muzeyini açmaqla həm türkologiya elminin inkişafında xidmətləri olan nüfuzlu alimlərimizi yad etmiş olduq, həm də həmin tövsiyələrin həyata keçirilməsi istiqamətində daha bir addım atdıq. Burada böyük çöldə yaşayan qardaş xalqların mədəniyyətini, tarixini əks etdirən əşyaları nümayiş etdirməkdən böyük şərəf duyuruq. Hazırda muzeydə türk dünyasından elm adamları və türkoloqların bağışladığı 300-dən artıq tarixi əsər və əşyalar yer alır”.
   Muzeyin açılışından sonra Beynəlxalq Türk Akademiyasında “Türkologiya və Altay araşdırmalarının müasir problemləri” mövzusunda dəyirmi masa təşkil olunub.