Ölkəmizdə son illər ard-arda keçirilən mötəbər tədbirlər, beynəlxalq idman yarışları xaricdən turist axınının artmasına da zəmin yaradır. Mayın 12-dən 22-dək davam edən IV İslam Həmrəylik Oyunları da turizm sektoruna mühüm töhfə oldu. 
   Oyunlar öncəsi Azərbaycana müxtəlif ölkələrdən turistlər gəldi. Təkcə mayın ilk on günündə respublikamıza 71 minə yaxın turist gəlib. İslamiada ilə bağlı gələn qonaqlar yarışları izləməklə yanaşı, həm də ölkəmizin mədəni, tarixi görməli yerlərinə də baş çəkiblər. 
   Bu müddətdə turistlərin ən çox səfər etdiyi məkanlardan biri “Qobustan” Milli tarix-bədii qoruğu olub. Qoruqdan verilən məlumata görə, may ayı ərzində qoruğu ziyarət edənlər arasında Rusiya, Almaniya, İngiltərə, Pakistan və ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 9 min 201 nəfər Qobustan qoruğuna baş çəkib. Onların 3 min 573 nəfəri xarici ölkə vətəndaşı olub.
   Qədim tarixin, əski dini inancın nişanəsi olan “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu da həmişəki kimi həm yerli vətəndaşlar, həm də turistlər üçün cəlbedici məkan olub. Qoruqdan verilən məlumata görə, mayın 12-dən 30-dək 3580 nəfər “Atəşgah”ı ziyarət edib. Onların əksəriyyəti xarici turistlər olub. Məbədə yerli vətəndaşların da marağı böyükdür. Belə ki, qoruq Beynəlxalq muzeylər günü münasibətilə 18-20 may tarixində təşkil olunan ənənəvi “açıq qapı” aksiyasında 1500 nəfərdən çox ziyarətçi qəbul edib.
   May ayı ərzində “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət edənlərin sayı isə 4200 nəfər olub. Onlardan da 3842 nəfəri xarici turistlər, 358 nəfəri isə yerli vətəndaşlar olub. Beynəlxalq muzeylər günü münasibətilə “Yanardağ”da ziyarətçilərə pulsuz xidmət göstərilib. Adi günlərdən fərqli olaraq “açıq qapı” aksiyasında ziyarətçi sayında artım olub. Qoruğu ziyarət edənlər sırasında ərəb ölkələri, Rusiya, Almaniya, Macarıstan, İsveçrə, ABŞ, İsrail, İngiltərə, İran, İraq, Serbiya, Yunanıstandan olan turistlər üstünlük təşkil edib.

   Fariz Hüseynov