Avstriyanın “Radio Arabella” radiosunda yayımlanan “Dünya ətrafında səyahət” verilişinin növbəti buraxılışı Bakıya həsr olunub.
   Turizm eksperti Peter Aqatakisin müəllifi olduğu veriliş Bakı bulvarından reportajla başlayır. Müasir göydələnlər, dənizkənarı park, tarixi abidələr və yeni inşa olunmuş memarlıq inciləri ilə diqqəti cəlb edən şəhəri mükəmməl tətil hədəfi adlandıran P.Aqatakis burada Şərqlə Qərbin, keçmişlə müasirliyin vəhdəti, qeyri-adi memarlıq üslubu və dünyanın ən böyük gölü Xəzərlə tanış olmağın mümkünlüyünü qeyd edir.
   Cənubi Qafqaza turist səfərləri təşkil edən Valter Tretenhahn verilişdə Bakı haqqında fikirlərini bölüşüb. O, şəhərlə bağlı xoş təəssüratlarının Heydər Əliyev adına Beynəlxalq Hava Limanından başladığını bildirib. Ekspert Bakıda Avstriya memarlarının izlərinə də rast gəldiyini deyir, buna misal kimi Avstriya memar bürolarından birinin layihəsini verdiyi Xalça Muzeyinin adını çəkir.
   O, həmçinin qeyd edib ki, şəhərdə turistlər əsl qonaqpərvərliklə qarşılanırlar, öz şəhərlərində qonaqları salamlamaqdan məmnun olan bakılılar onlarla ürəyiaçıq ev sahibi kimi rəftar edirlər. 
   Veriliş haqqında internetdə yerləşdirilmiş məlumatda Bakıya üçgünlük tur qazanmaq üçün uduş da elan edilib.