Moskvadakı M.İ.Qlinka adına Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan milli musiqi alətlərini əks etdirən guşə fəaliyyət göstərir
   
   Mayın 25-də Moskvanın “Manej” Mərkəzi sərgi salonunda XIX Beynəlxalq muzeylər festivalının (“İntermuzey 2017”) açılış mərasimi olub. Festivalda ölkəmizi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin ev-muzeyi təmsil edir.
   Festivalın Təşkilat komitəsinin sədr müavini, M.İ.Qlinka adına Ümumrusiya Birləşmiş Muzeylər Birliyi Musiqi Mədəniyyəti Muzeyinin baş direktoru Mixail Brızqal açılış günü Azərbaycan və Rusiya muzeylərinin birgə əməkdaşlığı və Bakı ilə bağlı xatirələrini bölüşüb. 
   - Bakıda yaşamış bir insan kimi bu mədəniyyət mənə çox yaxındır. Bu şəhər mənə uşaqlıq illərimin əziz xatirələri ilə doğmadır. 7-ci sinfə qədər Bakının Nizami küçəsində yaşamışam. Bakı həmişə çoxmillətli şəhər olub. Biz küçəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri eyni məktəbdə oxuyar, birlikdə futbol oynayar, dərsə gedərdik. Uzun müddət ayrılıqdan sonra Bakıya qayıtdıqda öz doğma şəhərimi tanımadım. O, sonsuz dərəcədə gözəlləşmişdi. Xatırlayıram, mehmanxanadan çıxıb yaşadığım küçəni axtarmağa başladım. Gedirəm və hiss edirəm ki, o küçə haradasa buradır, amma o qədər dəyişib ki... Hər tərəf təmiz, gözəl, yeni. Bir sözlə, hər şey yaxşılığa doğru dəyişib. 
   Mixail Brızqal festivalda Azərbaycanın iştirakı ilə bağlı deyib: 
   - Bu festivalın Azərbaycandan ilk iştirakçısı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi olub. Muzeyin direktoru Alla Bayramova uzun illərdir ki, Rusiya-Azərbaycan muzeyləri arasında əməkdaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verir. Budəfəki festivalda Azərbaycan əfsanəvi cazmen Vaqif Mustafazadənin ev-muzeyi ilə təmsil olunur. Festivalın meydançasında muzey öz təqdimatı zamanı Azərbaycanda caz-muğam janrının yaradıcısı olan unudulmaz musiqiçinin həyat və yaradıcılığı haqqında məlumatı çatdıracaq. Biz çox şadıq ki, Azərbaycan festivalla əməkdaşlığı davam etdirir, beynəlxalq layihədə yaxından iştirak edir. 
   Vurğulamaq istərdim ki, bizim muzeyin də Azərbaycanla əməkdaşlığı yüksək səviyyədədir. Muzeyimizdə Azərbaycan milli musiqi alətlərini əks etdirən guşə fəaliyyət göstərir. Bundan əlavə, bir müddət əvvəl Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bizim kolleksiyanı daha da dolğunlaşdırdı, tam yeni kolleksiya və alətlərlə guşəni təmin etdi. Biz buna çox şad olduq. Musiqi Mədəniyyəti Dövlət Muzeyi vasitəsilə davamlı əlaqə saxlamağımız orada baş verən mədəni hadisələrdən xəbərdar olmağımıza şərait yaradır. Eyni zamanda muzeylərimizdə baş verən yeniliklər, hadisələr barədə məlumatlanırıq. Bu da qarşılıqlı əlaqələrin sıxlaşmasından əlavə, həm də mədəni körpü rolunu oynayır. 
   Bir neçə il əvvəl Azərbaycanda MDB ərazisində fəaliyyət göstərən Musiqi Muzeyləri Assosiasiyası və kolleksiyaçıların seminarını və iclasını təşkil etdik. Tədbir çərçivəsində baş tutan “Musiqi paralelləri. Azərbaycan-Rusiya” adlı sərgi maraqla qarşılandı. Həmin vaxt biz eyni zamanda Azərbaycan Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi, Rostropoviçlərin ev-muzeyində olduq. Təbii ki, Azərbaycan öz zəngin musiqi mədəniyyəti ilə tanınır. Müslüm Maqomayev, Vaqif Mustafazadə, Azərbaycan muğamı, Bülbül və digər adlar. 
   Bu gün Azərbaycanda musiqi sahəsində yaşanan yüksək ruh bizə də təsirsiz ötüşmür. Biz musiqi sahəsində Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondu vasitəsilə də əlaqələri davam etdiririk. Muzeyimizdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə muğamla bağlı təqdimatlar təşkil edirik. Azərbaycanlı ifaçılar bizə konsert proqramlarının təşkilində yaxından köməklik edirlər. Bir sözlə, Odlar diyarı ilə əməkdaşlığımız mütəmadi davam edir və bu əlaqələr bizim üçün hər zaman böyük maraq kəsb etməkdədir. 
   
   Hazırladı: Lalə Azəri