Mayın 28-də görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin (1927-2015) anadan olmasının 90 ili tamam oldu. Həmin gün sənətkarın yaxınları, incəsənət xadimləri Fəxri xiyabana gələrək Habil Əliyevin məzarını ziyarət etdilər.
   Xalq artistinin oğlu Rəvan Habiloğlu anım mərasiminə gələnlərə təşəkkür edərək bildirdi ki, sağlığında olduğu kimi, dünyasını dəyişəndən sonra da atasının sənətinə olan hörməti hiss edir: “Dövlətimiz tərəfindən Habil Əliyevin sənətinə göstərilən qayğını ailəmiz heç zaman unuda bilməz. Bu gün də biz bu diqqəti görürük və atamın qəbrini ziyarətə gələn hər kəsə ailəmiz adından dərin təşəkkürümü bildirirəm”. 
   Qeyd edək ki, Habil Əliyev öz ifası ilə ömrünün 60 ilindən çoxunu Azərbaycan musiqisinin təbliğinə həsr edib. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur xanəndə Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənən Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını yüksəkliklərə qaldırıb. Sənətkar "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı bəxş edib. Habil Əliyevin musiqi mədəniyyətimizin inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Xalq artisti adına, “Şöhrət" və “İstiqlal” ordenlərinə layiq görülüb. Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Bəstələdiyi 10-dan artıq mahnı bu gün də musiqiçilər tərəfindən sevilərək ifa olunur.
   
   Lalə