Bu səfər sizə nədən danışaq, kimdən deyək - qaraca-quruca kaman alətinin ərz etdiyi “dad-aman” halətlərindən və -
   
   ...onun, ötən əsrin əllinci illərinədək sadəcə-adicə çalınanları gül-gül gülləyib, dil-dil dilləndirən ustadı Habil KAMANdan...
   Özü də, bəzilərinin vəzinə görə, tarın “züytutan”ı hesab olunan kamançamızı “filial”lıq əsarətindən azad etmiş bu korifeyin öz çalğılarından biri üstündə - “Habil segahı” közündə...   
   Bəri başdanca da bəyan edim ki, ictimai-siyasi-sosial təfəkkür məcmumuzdan xeylaq yara-yanıqlı doğulmuş “segah”lar bu fenomenin ifasında xeyli major-qəhrəmanicə də səslənir. Ancaq, hər halda, onlar “bəzmi-hüzn”dən xali deyil və elə bu babətdən, “ismi-şərif” tərifinə o qədər də ehtiyac olmayan qəhrəmanımızı budəfəki yazımda öz lətifələrinin müşayiətilə təqdim etməyi qərarlaşdırdım.
   Deyim ki, Habil Əliyev çalğılarındakı hüzn “fərdi”likdən çox “cəm”ilikləri ehtiva edir. Məsələn, onun, dahi Fikrət Əmirovun cismani ölüm gününün sabahısı tele-ekranda çaldığı bir neçə muğam qatqarlı musiqi bütöv bir milli ağı kimi səsləndi və mən o anlar o çalğıdan quruyub qalmış tələbəlik dostum Əlipənah Bayramovun qulağına pıçıldadım ki, görəsən, bu barmaqları “kəsib” muzeydə əbədi saxlamaq olarmı?” O isə bu ecazkar əhvala daha real reaksiya verdi: “Səttar Bəhlulzadənin barmaqları təbiət, Habilin barmaqları səs tabloları yaradır...”
   Hə, bir gün Habil “kalan şabaş” vədilə L.İmanovu guya rayonların birində “tutduğu” toy məclisinə göndərir və o da “bəh-bəh”lə gedib görür nə məclis var, nə dəvət. Kor-peşman Bakıya qayıdan müğənni Filarmoniya bağında onu görüb üstünə yeriyirkən, Habil qaçıb taksiyə oturur, ancaq beş-on metr getməmiş maşın işıqforda dayanmalı olur. Özünü maşının sürücü tərəf pəncərəsinə yetirən Lütfiyar dişinin dibindən çıxan “ürək sözlərini” deyib aralandıqdan sonra, Habil üzünü sürücüyə tərəf döndərib qayıdır ki:
   - Qardaş, sizin nə pis zarafatınız varmış...
   
   Hər hansı təşbeh... 
   
   istənilən fraza bu hər mənada SAZa nisbətdə bir heç-puç və yaxud, hələ yazılmamış, bəstələnməmiş, lentə alınmamış xəyali “Habil Kaman dəstgahı”na nisbətdə qıp-qısa bir mahnı nəqəratı...
   Bu insan “quş dili”ndən o qədər də asan olmayan musiqi dilində möcüzəvi “aman-aman” ləhcəsilə danışan - “Kamandanışdıran”! Doxsan il öncə Ağdaşın Üçqovaq kəndində doğulub, rayon mərkəzindəki musiqi məktəbində - sonralar könül elmləri doktoru, qəlblər professoru, duyğular akademiki edəcəyi bir botanika cisminə ibtidai sinif müəllimliyindən başlayaraq, “quruca bir ağac”a dilöyrədən. Kaman qaşlarını çata-çata, sağ əlindəki kəmanə-oxu sol dizindəki dəmanə kamanın simləri üstünə qoyub, sinələrimizin solunu atəşə tutan və hər “gəldi-gedər”ə bənd olmayan Vahabzadə Bəxtiyara bu misraları yazdıran: 
    
   Bu ağac parçası yanmayır özü,
   Ancaq od-ocaqsız yandırır bizi.
   Onun atəşinə od şan-şan olur,
   Bu səsin oduna alışır su da.
   Ağac hər atəşə alışan olur,
   Bəs niyə alışmır belə bir oda?..
    
   Və... Tibb İnstitutunda (indi universitet adlanır) Habil Əliyevlə tələbələrin görüşü. Orta cərgədə oturmuş bir tələbə ayağa qalxıb, amiranə müstəntiqlər kimi soruşur:
   - Yoldaş Əliyev, axı necə oldu ki, siz məhz kamança alətini seçdiniz? Şüurlu həyat aləminizdə nə baş verdi ki, başqa bir instrument deyil, məhz kamança çaldınız? Cavab verə bilərsinizmi?..
   Tələbənin ilk sözündən başlayaraq müttəhim görkəmi alıb büzüşmüş ustad sonda özünə daha məzlum bir görkəm verib, fağır-fağır deyir:
   - Vallah, nə deyim... uşaq olmuşam, qanmamışam...
   
   Deyirlər... 
   
   Bu məşhuri-cahan sənətkar haqda yüzlərlə rəvayət-deyimlərdən biri də bu ki, sonralar küçədə-bazarda, məclis-mərəkədə salam-kalam, rəğbət-məhəbbət elannamələrindən macal tapmayan Habil Bakıya düşdüyü gün rastına çıxan hər adama salam verir, lakin onlardan beşdən-biri buna reaksiya vermir. Bir gün o bunu cavan dirijorlardan birinə danışır və ondan eşitdiyi “Ə, səni heç indi də tanıyan yoxdur, gəl gör ovaxtlar ola!” eyhamı yadında saxlayır. İllərsonrası onlar Gəncədəki bir restoranda nahar edirkən, ofisiantlardan tutmuş müdiriyyətəcən - hamının “Habil müəllim, buyurun”, “Habil müəllim, daha nə qulluq?” dediyini görən həmin dirijor: “Lələ, sən burda nə “xata” eləmisən ki, mən buralı ola-ola, hamı sənin qulluğuna yüyürür?!” deyəndə, həm də məzə-məzhəkə ustadı olan Habil deyir: “Lələcan, mən çalanda üzümü camaata tərəf tutduğuma görə hamı məni tanıyır. Sən isə...” 
   Bakıya kamança ilə əlbir gələn Habil A.Zeynallı adına Musiqi məktəbində onunla tamam-kamal dilbirliyə başlayıb. Hələ tellərini yan darayan bu oğlanın külçə istedadı, hər ənənəvi, köhnə xalı yeni-yeni beçə balı ilə təqdimetmə bacarığı ilə Q.Pirimov, X.Şuşinski, S.Hacıbəyov kimi ustadları heyran qoyub. Bu gəncin bir “sınaq-ifa”sını dinləyən Ş.Bədəlbəyli, S.Rüstəmov və Niyazi ikinci kurs tələbəsi olan Habili M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası kimi ciddi bir sənət məbədində işə götürüblər. Bənzərsiz bəndələr - Seyid və Xan Şuşinskilər, H.Rzayeva, Z.Adıgözəlov, F.Mehrəliyeva, Ş.Ələkbərova, S.Qədimova, M.Mütəllimov “məhz Habil!” müşayiətçiliyi üstündə cəngi-Ərəbzəngi “davası” açırmışlar. Sənətinin dadı adından da tez çıxır - bu “Kaman oğlan”ın. Sonra... fasiləsiz toy-düyünlər. “Düyün” sözünü elə-belədən işlətmədim; valideynlər olurmuş ki, madarının ağrı-acısını ovutmaq üçün onu “ağır ad”la yas mərasimlərinə aparıb, ovsunlu kamanına dil dedirdirmişlər...
   İndicə bitirdiyim bu yanıqlı abzası belə bir təkrarsız sənətkarımızın yuxarıda-axarıda adlarını çəkdiyim ifa Dədə-Nənələrini, nur-şur məşhurlarını müşayiətçilikdən, xalqın toy mərasimlərini rövnəqləşdirməkdən əbədi olaraq uzaqlaşdığından yana yazdım... 
   Hələ burası da var ki, yaxın keçmişimizdə dünyasını dəyişən korifeylərimizi efir-ekranda bu Kaman Dədə “ağı”layırdı, onun özünü isə... 
   Bəli, hələlik onu ağırlayıb-ağılayan bir musiqi parçası eşitməmişəm...
   Belədə - bir bayatılıq söz ağısı:
   
   Gəlin gedək güllüyə,
   Güllüyə, bülbüllüyə,
   Hərə bir söz söyləsin,
   Qoy yığılsın cümlüyə...
   
   Əhvalın bu pərişan anında:
   Deyir, bir gün Nazim Ağayevlə rastlaşırkən onu çox kefsiz görən Habil “nə var-nə yox” deyən kimi, müğənni canındakı xəstəliklərdən bərk gileylənməyə başlayır. Onun “elə indicə həkimdən gəlirəm, deyir, bel, diz və ayaq nahiyələrimdə möhkəm duzlaşma gedir” söhbətini yarımçıq kəsən məşhur lətifə ustadı qayıdır ki: 
   - Nazim, o həkim gözünün içinəcən yalan deyir. Sən heç fikir eləmə, Azərbaycanda səndən duzsuz adam yoxdur...
   
   Sonca 
   
   belə bir fikir; elə sənətkarlar var ki, bütün təhər-tövrlərilə xalqın özünə bənzəyirlər. Habil Əliyev də onlardan biri. 1964-cü ildə bu böyük sənətkar Əməkdar artist, 1978-də Xalq artisti adları ilə təltif edilib. Ömrünün son iyirmi ilində dövlət başçılarının onu necə sevgiylə dindirmələri, nə kimi qayğılarla əhatələmələri, bir çox şair, rəssam, heykəltəraş və xalça ustalarımızın onun adına, surətinə, şərəfinə həsr etdiyi söz və təsviri sənət nümunələri isə hamıya bəlli. 
   Allah rəhmət eləsin...
   
   Tahir Abbaslı