Yeni kitabın təqdimatı keçirildi 
   
   Mayın 27-də Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsinin metodisti, gənc şair Hüseyn Faiqoğlunun “Lənətlənmiş xəyallar” kitabının təqdimatı keçirildi. 
   Mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev tədbiri açaraq gənc şairi iştirakçılara təqdim etdi. Bildirdi ki, əslən Füzuli rayonundan olan Hüseyn 1994-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Xətai rayonunda 264 saylı məktəb-liseydə orta təhsil alıb. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alaraq sənətşünaslıq ixtisasına yiyələnib. 
   Şöbə müdiri gənc şairin yaradıcılığından söz açdı. Qeyd etdi ki, H.Faiqoğlu erkən çağlardan poeziyaya maraq göstərib. Görkəmli şairlər Rəsul Rza, Vaqif Səmədoğlu, Əli Kərim və başqalarının yaradıcılığından bəhrələnib. “Lənətlənmiş xəyallar” onun ilk kitabıdır. 
   AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyyad Bayramov gənc müəllifin yaradıcılıq axtarışlarından danışdı. Qeyd etdi ki, kitabda yer alan “Xəyallar”, “Yarpaqları saralmış məhəbbət”, “Uşaq deyiləm”, “Bir kişi var uzaqlarda” və s. şeirləri ideya-bədii xüsusiyyətləri ilə maraqlı nümunələrdir: “Şair poetik bir dillə hiss və duyğularını çox gözəl ifadə edib. Ona yaradıcılıq uğurları arzu edirəm”. 
   Mədəniyyət və İncəsənət Universitetinin dissertantı İlahə Sadıqova da çıxışında kitabdakı diqqətçəkən şeirlərindən danışdı, H.Faiqoğlunu istedadlı gənc kimi xarakterizə etdi. 
   Tədbirdə daha sonra müəllifin dostları kitabda toplanmış “Son sakin”, “Xəyallar” və s. şeirləri oxudular. 
   Sonda Hüseyn Faiqoğlu çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
   
   Savalan Fərəcov