“Xalq əmanəti”nin növbəti layihəsi Kamal Əhmədin yaradıcılığına həsr olunub 
   
   “Xalq Bank”ın həyata keçirdiyi “Xalq əmanəti” layihəsi Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yaradıcılıq irsinin yaşadılmasına, yeni və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu günlərdə layihənin təqdimatı keçirilən sayca 15-ci nəşri tanınmış rəssam, Əməkdar incəsənət xadimi Kamal Əhmədin (1940-1994) həyat və yaradıcılığına həsr olunub.
   Bu münasibətlə təşkil olunan sərgidə rəssamın rəngkarlıq və qrafika əsərlərindən ibarət 50-dək əsəri nümayiş olunur. Üç ay davam edəcək sərgiyə baş çəkib, əsərlərlə yaxından tanış olduq. 
   Əsərlərə baxdıqca rəssamın yaradıcılığındakı başlıca uğur nöqtəsini tapmağa çalışıram. Məncə, onun başlıca uğuru indi ölkəmizdə az qala ucdantutma yönə, təmayülə çevrilmiş modern sənətin ilk yaradıcılarından olması və sovet təbliğatına aldanmayaraq ürəyinin istəyinə uyğun əsərlər yaratmasıdır. 
   K.Əhmədin yaradıcılığı onun yaşadığı dövr üçün Azərbaycanda inanılmaz dərəcədə yenilik idi, hətta “ağılsızlıq” sayılırdı. Yəqin ki, çoxları onun əsərləri haqqında düşünürdülər: “Görəsən, bu əsərlərin gələcəyi olacaqmı?” Və bu sərgi həmin gələcəkdir. 
   XX yüzildən özünün peşəkar inkişafına başlayan Azərbaycan rəssamlığı dünya rəssamlığının ənənələrini uğurla mənimsəyib, həm də təsirinə düşüb. Məsələn, K.Əhməd hamının getdiyi sovet realizmi yolundan üz döndərir, yaşadığı ölkədə qadağan edilən, sevilməyən bir yolun - Avropanın avanqard rəssamlığının yolçusuna çevrilir. Sənətkar çağında mövcud olan iki hegemon yoldan birini seçir. 
   K.Əhmədin yaradıcılığı Avropa incəsənətindən qaynaqlanır. Daha dəqiq desək, onun yaradıcılığında Pablo Pikassonun təsiri aydınca duyulur. Rəssam soydaşımızı primitivist adlandıra bilərik. Onun mövzuları, obrazları, rəngləri də primitivizmin bütün prinsiplərinə uyğundur. Burada başlıca məsələ sadəliyin qorunması, dərinliyə getmədən sadə, bayağı ifadə tərzidir. O, rəngləri ən tünd çalarıyla işlədir, sanki əsərlərdə bir qışqırıq, haray duyulur. Onun yaradıcılIğında həmyerlimiz Cavad Mircavadovun, meksikalı rəssam Rufino Tamayonun təsirlərini də duymaq olur. 
   Hər bir rəsm əsəri onun yaradıcısının taleyini, psixologiyasını özündə daşıyır. K.Əhmədin uşaqlıqdan başlayan faciəli, məhrumiyyətli həyatını əsərlərində görə bilərik. Adətən, diqqətli seyrçi hər bir əsərdə ilk olaraq məna, məntiq axtarır, əsəri özü üçün izah etmək istəyir. Belə əsərlərdə konkret, dəqiq məzmun olmadığından tamaşaçı olanla kifayətlənir və özündən nələrsə ifadə etməyə, uydurmağa, əsəri özü üçün izah etməyə məcbur olur. Rəssam özünü, düşüncələrini nə qədər ifadə etməyə çalışır və nail olursa, tamaşaçı əsəri o qədər dərk edir. Beləliklə, ifadə ediləndən artıq dərk etmək olmur. K.Əhmədin əsərlərində bayağı duyğusallıq daha qabarıq görünür. Rəssam həyatda belə bir şeyin olduğuna tamaşaçını inandırmağa çalışır.
   Bildirim ki, Kamal Əhməd 1940-cı ildə Bakıda doğulub, taleyin amansızlığı ilə qarşılaşıb, uşaq evində böyüyüb. 1958-1963-cü illərdə keçmiş Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 
   “Xalq əmanəti” layihəsinin sənətkara həsr olunan kitab-albomunda onun demək olar, bütün əsərləri toplanıb. Rəssamın “Goradil”, “Avtoportret”, “İlham pərisi və rəssam”, “Çılpaq”, “Ailə”, “Ay ilə avtoportret”, “Rəssamın ailəsi”, “Məhəbbət”, “Quş”, “Ağlayan qadın”, “Kosmik model”, “Bəzədilmiş model”, “Vaqif Mustafazadənin portreti”, “Söhbət”, “Şərq motivi”, “1941-ci il”, “Qırmızı geyimli qadın”, “Balıqçı qadınlar”, “Dəryazlı qadın”, “Şərqin faciəsi” və s. əsərləri diqqətçəkəndir. Düzdür, rəssamın yaradıcılığında təkrar mövzular da çoxdur. Onun çoxlu “Emalatxanada”, “Avtoportret” əsərləri var.
   Xatırladaq ki, “Xalq əmanəti” layihəsi “Xalq Bank” tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə çərçivəsində nəşr olunan kitablar Azərbaycan, ingilis, rus dillərində tərtib edilir.
   
   S.Qaliboğlu