Layihənin növbəti pleneri Dübəndidə gerçəkləşib
   
   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə həyata keçirilən “Məkan və incə sənət” layihəsinin növbəti pleneri mayın 26-da Bakının mərkəzindən 50 km uzaqlıqda yerləşən Dübəndidə gerçəkləşib.
   İlk dəfə şəhərdən kənarda keçirilən plener 28 May - Respublika Gününə həsr olunub. Layihə rəssamlara doğma vətənin gözəlliklərini, maddi və mənəvi sərvətlərini, öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdirmək imkanı yaratmaqla yanaşı, onların yaradıcılıq imkanlarını genişləndirmək məqsədi daşıyır.
   Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoqları Ramil Məmmədov, Sevinc Ələsgərova, Aytən Şirzadovanın rəhbərliyi ilə 25 tələbə iştirak edib. 
   Gün ərzində iştirakçılar açıq səma altında müxtəlif əsərlər yaradıblar. Tədbirdə iştiraka görə tələbələrə sertifikatlar təqdim edilib.
   
   Həmidə Süleymanova 
   Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı