Muzey Mərkəzində müsabiqəyə təqdim edilmiş rəsm və əl işlərinin sərgisi açılıb
   
   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar, habelə 12-22 may tarixində Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda rəsm və əl işlərindən ibarət II respublika müsabiqəsi təşkil edilib. 
   Müsabiqəyə respublikanın uşaq incəsənət və rəssamlıq məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiya və dərnəklərindən 350-dən çox rəsm və əl işləri təqdim olunub. 
   Mayın 31-də Muzey Mərkəzində müsabiqəyə təqdim edilmiş rəsm və əl işlərinin sərgisinin açılışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
   "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda rəsm və əl işləri sərgisi iki gün davam edib.