Mayın 31-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Özbəkistanın Xalq şairi Camal Kamalla görüş keçirildi. 
   Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Azərbaycan və özbək xalqları arasında ədəbi və mədəni əlaqələrdən danışdı, Camal Kamalın şeirlərinin Azərbaycan oxucuları tərəfindən də maraqla qarşılandığını dedi. Bildirdi ki, Azərbaycan ədəbiyyatının Özbəkistanda tanıdılmasında Camal Kamalın xüsusi rolu var. Şair qardaş ölkədə Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısıdır. O, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər şairlərimizin şeirlərini özbək dilinə tərcümə edib.
   Milli Məclisin deputatı Qənirə Paşayeva şairin yaradıcılığında tərcüməçiliyin xüsusi yer tutduğunu dedi. Bildirdi ki, C.Kamal hazırda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə çevirir. “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” artıq özbək dilində işıq üzü görüb. 
   AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi və şair-tərcüməçi Akif Azalp çıxışlarında C.Kamalın həyat və yaradıcılığı barədə geniş məlumat verdilər. Qeyd olundu ki, şair özbək ədəbiyyatında 60-cılar nəslinin görkəmli nümayəndələrindən biridir. O, 8 misralıq şeir forması ilə özbək ədəbiyyatına yenilik gətirib. 
   Camal Kamal çıxış edərək 80 illik yubileyinin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə etdi. Azərbaycan ədəbiyyatına vurğun olduğunu bildirən şair dahi Nizami və Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələrini hər zaman sevgi ilə tərcümə etdiyini diqqətə çatdırdı. Daha sonra Milli Kitabxanaya hədiyyə gətirdiyi kitablar barədə məlumat verdi. Bildirdi ki, 50-dək müasir özbək ədəbiyyatı nümunələri Azərbaycan Milli Kitabxanasına hədiyyə edilib. 
   Sonda tədbir iştirakçıları Azərbaycan dilində özbək ədəbiyyatı və özbək dilində Azərbaycan ədəbiyyatından ibarət kitabların sərgisi ilə tanış oldular. 
   
   Lalə Azəri