Mayın 30-da Beynəlxalq Mətbuat Mərkəzində nağara ifaçısı, Əməkdar artist Kamran Kərimovun “Yaranış” kompozisiyası və klipinin təqdimatı keçirilib. Kompozisiyanın ərsəyə gəlməsində 2 davul və bir qoşanağara və əlavə 4 nağaranın müşayiətindən istifadə edilib. 
   Musiqiçi kompozisiyanın yaranması ilə bağlı fikirlərini bölüşərək bildirib ki, ifalarında görkəmli nağaraçıların üslubundan yararlanıblar: “Düşündüm ki, ifam fərqli alınsın. Çünki nağara tək zərb aləti deyil, bu alətin özəlliklərini göstərmək istədim. Klipdə isə dramaturji xətt yaratmağa çalışdım, çox məsuliyyətli bir iş idi”. 
   Tədbirdə Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, xanəndə, Xalq artisti Nəzakət Teymurova və başqaları çıxış edərək K.Kərimovun ifası ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, o, bu gün nağara ifaçılığında öz dəst-xətti ilə seçilən müşayiətçilərindəndir. O da qeyd olunub ki, belə layihələr dəstəklənməli və genişlənməlidir ki, dinləyicinin müqayisə etmək imkanı olsun. 
   Qeyd edək ki, rejissoru Samir Qulamov olan “Yaranış” kompozisiyasının ərsəyə gəlməsinə Mədəniyyət və Turizm Nazirliyi ilə “Qobustan” Milli tarixi-bədii qoruğu dəstək verib. 
   
   Lalə Azəri