Bakıda Edvard Tvoxiqin qrafik əsərlərindən ibarət sərgi açılıb
   
   Mayın 31-də Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin qrafik əsərlərdən ibarət “İçərişəhərin 100 görüntüsü” adlı sərgisinin açılışı keçirildi.
   Sərgini giriş sözüylə muzeyin Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev açaraq müəllif və onun yaradıcılığı, eləcə də ölkəmizə olan sayğı və sevgisindən bəhs etdi. 
   Böyük Britaniyanın mədəni əlaqələr və təhsil üzrə beynəlxalq təşkilatı - “Britiş Council”in Azərbaycan bölməsinin direktoru Elizabet Vayt çıxışında bildirdi ki, Bakının qədim görüntülərini əks etdirən bu əsərləri çox sevir. Ona görə ki, bu əsərlər çox canlı və maraqlıdır. Üstəlik, İçərişəhərdə yaşadığını söyləyən xanım E.Vayt qədimliklə təmasdan heyranlığını dilə gətirdi. 
   Müəllif Edvard Tvoxiq çıxış edərək ölkəmizin ən məşhur muzeyində sərgisinin təşkil edilməsindən qürur duyduğunu bildirdi. Ölkəmizə, onun təbiətinə, incəsənətinə vurğun olduğunu bildirən rəssam ilk dəfə Qobustana getdiyini, oradan dərin təəssüratlar aldığını söylədi. O, İçərişəhər görüntülərini işləyərkən Maral Rəhmanzadə, Ələkbər Rzaquliyev, Tahir Salahov kimi məşhur rəssamların yaradıcılığından yararlandığını etiraf etdi. 
   Çıxışlardan sonra tamaşaçılar sərgiylə yaxından tanış oldular. Sərgidə müəllifin 100 qrafik əsəri nümayiş olunur. 
   Bildirək ki, rəssam Edvard Tvoxiq 1969-ci ildə İrlandiyada anadan olub. O, Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb. Daha sonra Çelsi İncəsənət Kollecində qravüra və fotoqrafiya sənəti üzrə ixtisaslaşıb. Hazırda rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, həmçinin Banksayd Qalereyasının hamisidir. 
   Tvoxiq əsərlərini təbiətdən ilhamlanaraq birbaşa naturadan yaradır. Daha sonra yadında qalan nüanslar əsasında kompozisiyalarını tamamlayır. O, təbiətin gözəlliyini rəsm, fotoqrafiya, özəlliklə də rəssamın xətt ustalığını göstərən quru iynə texnikasında təcəssüm etdirir. 
   Rəssamın “Yer üzü və xətt” (Berstou qalereyası, Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib. 
   
   S.Qaliboğlu